“Türkiyə və NATO ilə hərbi əməkdaşlığın yollarını axtarmalıyıq” - ŞƏRH

“Tarix və faktlar göstərdi ki, Rusiya öz xoşu ilə torpaqlarımızın azad olunması istiqamətdə ədalətli addım atmayacaq”


“Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin görüşü indiyə qədər keçirilən görüşlərdən tərkib baxımından fərqli olsa da, keyfiyyət baxımdan dəyişməz qaldı”.
Bu barədə “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədri müavini Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti bu görüşə psixoloji baxımdan üstün durumda qatılmışdı: 

“Tovuz tərxibatı və ardınca Rusiyanın Ermənistana böyük həcmdə silah bağışlaması Azərbaycanın danışıqlarda ittihamçı tərəf kimi çıxış etməyə əsas verirdi.

Eyni zamanda Türkiyənin çox ciddi şəkildə prosesə qoşulmaq niyyəti Azərbaycan üçün böyük dəstək idi. Əslində danışıqların formatında və həlli yollarının axtarılmasında heç bir irəliləyişin olmayacağı öncədən məlum idi.



Rusiya münaqişənin ədalətli həllində maraqlı deyil. Lakin Türkiyənin prosesə qatılmaq niyyəti Rusiyanı ciddi şəkildə narahat edir.

Hesab edirəm ki, Türkiyənin  münaqişənin həlli istiqamətində öz dəstəyini verməsində qərarlığı bizim üçün çox vacibdir. Mümkün qədər bu faktorun üzərində israrla dayanmalıyıq”. 

Partiya funksioneri bildirib ki, lazım gələrsə, Minsk Qrupunun fəaliyyətsizliyini önə çəkərək danışıqların başqa formatda aparılmasına nail olmalıyıq: 

“Minsk Qrupundan imtina üçün əlimizdə hüquqi əsaslar var. Rusiyanın münaqişə tərəflərinin biri ilə hərbi ittifaqda olması onun problemin həlli üçün yaradılmış qrupa həmsədrilk etməsini mümkünsüz edir.

Əfsuslar olsun ki, uzun illərdir, bu məsələyə diqqət yetirmirik, nəzərdən qaçırırıq. Hazırda bizim üçün prioritet məsələ Türkiyə və NATO ilə hərbi əməkdaşlıq yollarını axtarmaq olmalıdır.

Tarix və faktlar göstərdi ki, Rusiya öz xoşu ilə torpaqlarımızın azad olunması istiqamətdə ədalətli addım atmayacaq, heç barmağını belə tərpətməyəcək”.