Xalqın iradəsi ortadadır

Azərbaycan Ermənistanla bütün səmərəsiz danışıqlardan imtina etməlidir

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərinin intensiv xarakter alması İrəvanın təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir. Əksinə, qondarma rejimlə təmasların artması düşmən tərəfin hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağından xəbər verir.

Ermənistan baş nazirinin Qarabağa son səfərində işğalçı ordunun qanunsuz hərbi birləşmələrinə baş çəkməsi bu ehtimalı gücləndirir. Əksər siyasi şərhçinin fikrincə, budəfəki səfərin hərbi məsələlərə həsr olunması Ermənistanın birmənalı olaraq münaqişənin danışıqlar yolu ilə həllini istəmədiyini, açıq-aşkar müharibəyə hazırlaşdığını göstərir.

Rəsmi İrəvan bir yandan mülki vətəndaşlar hesabına “könüllü ordu”nun say tərkibini artırır, digər tərəfdən işğal olunmuş torpaqlarda son vəziyyətlə tanış olur. İstənilən halda Ermənistanın müharibə hazırlıqlarına adekvat cavab verilməli, düşmən həm diplomatik, həm də hərbi yolla layiqli dərsini almalıdır. 

Düşmənin müharibə hazırlığını və bu yöndə səsləndirilən iddiaları “Şərq”ə dəyərləndirən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, Ermənistan 30 ildən çoxdur bizimlə müharibə aparır. Partiya rəhbərinin sözlərinə görə, İrəvan faktiki və hüquqi cəhətdən öz təcavüzkar niyyətini gizlətmir:

“Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal hələ davam edir. Çox təəssüflər ki, Paşinyanın Qarabağa səfəri “Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığı” kimi dəyərləndirilir. Ermənistanla sülh bağlamamışıq ki? Torpaqlarımız işğal altındadırsa, deməli, hər an müharibə vəziyyətindəyik. Fikrimcə, məsələnin ictimaiyyətə bu cür təqdim olunması yanlışdır”. 

P.Hüseyn vurğulayıb ki, əgər müharibə deyiləndə söhbət konkret döyüş əməliyyatlarının başlanmasından, silahlı qüvvələrin işə salınmasından gedirsə, bu, istənilən vaxt baş verə bilər:

“Azərbaycan özünümüdafiə hüququndan yararlanmalı, torpaqlarımızın azadlığı naminə hərbi əməliyyatlardan istifadə etməlidir. Əlbəttə, hərbi əməliyyatlar danışıqları istisna etmir.

Yəni səmərəsiz danışıqlar, ümumiyyətlə, müzakirələrin aparılması işğalın uzadılmasına xidmət göstərmirsə, prosesin tərkib hissəsi sayıla bilər. Bir çox şərhçilər, siyasətçilər hesab edirlər ki, bu formatda aparılan danışıqlar faktiki olaraq işğalçı tərəfin maraq və mənafeyinə yarayır. Ona görə də Azərbaycan tərəfinin münasibəti kardinal şəkildə dəyişməlidir.

Danışıqlardan tamamilə imtina etməməliyik, lakin səmərəsiz danışıqları kənara qoymağı bacarmalıyıq. Bunun üçün vasitələr, imkanlar var. Azərbaycan xalqının iradəsi ortadadır. İyul hadisələrində millətimiz bir daha göstərdi ki, öz torpaqları uğrunda döyüşməyə hazırdır və hökumətdən də bunu tələb edir”.