"Mütləq müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır”

Ermənistanın məqsədi danışıqları pozmaq və status-kvonu dəyişməz saxlamaqdır


“Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, bu dəfə də  ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanda rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın bugünkü rəhbərliyi bu ölkəni uçuruma aparır”. 

Bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bildirib.  O qeyd edib ki, Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu:

“O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda, danışıqlar prosesini mənasız etdi. Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq. Azərbaycanın  bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Qanunsuz məskunlaşdırma, Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır. İyulda hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin  həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ermənilər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda oturublar. İndi də çalışırlar ki, Azərbaycanla münasibətləri korlasınlar və gərginlik yaratsınlar. Əsas məqsədləri yeni münaqişələr yaratmaqla, bu torpaqları işğal altında saxlamaqdır. Yəni, hər zaman olduğu kimi yenə də hiyləgər siyasətlərini yeritməkdədirlər. Cəbhə xəttində dayanmadam təxribatlar törədirlər. Ona görə də, mütləq şəkildə, müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır”.