Səfərbərlik milli birliyimizi gücləndirir

Vətən çağıranda hamı gözünü qırpmadan irəli atılır

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyi bu günlərdə xalqımızın dövlətimiz və Ali Baş Komandanın ətrafında necə sıx birləşdiyinə şahidlik edirik. Prezident İlham Əliyevin işğal altındakı torpaqların düşmən tapdağından azad edilməsi istiqamətində göstərdiyi qətiyyət və dəyişməz mövqe, ümumilikdə dövlət siyasəti vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənir. 30 ildir qələbə günü həsrəti ilə yaşayan, mənfur, hiyləgər qonşularımızın atəşkəs rejimini daim pozmaları nəticəsində şəhid olan əsgər və zabitlərimizin valideynləri, doğmaları hər zaman “Vətənə övladımız da, özümüz də fəda” deyib torpaqların işğaldan azad olunması üçün Ali Baş Komandanın çağırışını gözlədiklərini, əmrinə hazır olduqlarını bildiriblər.

O gün nəhayət, yetişdi. Hazırda rəşadətli ordumuz cəbhə boyu hücumdadır və Vətən torpağını işğaldan azad edir. Qeyd edək ki, istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də “Tovuz müharibəsi” adı ilə tarixə yazılan döyüşlər zamanı hamı bir nəfər kimi orduya könüllü yazılmağa can atır, bu məqsədlə saysız-hesabsız müraciətlər edilirdi.

Lakin həm ölkə başçısı, eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi də könüllülərin orduya çağırılmasına hələ ki ehtiyac olmadığını və zərurət yaranacağı təqdirdə səfərbərlik elan ediləcəyini bildirirdi.        

Qismən səfərbərlik bayrama çevrildi

28 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzaladı. 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ordumuzun döyüş əməliyyatlarına başlamasını illərdir gözləyən xalqımız, hər bir Azərbaycan vətəndaşı səfərbərlik çağırışını böyük ruh yüksəkliyi ilə qarşılayıb. 

Bu, cəbhə bölgəsinə yola salınanların və qismən səfərbərliyə cəlb edilənləri yola salmağa gələnlərin əhval-ruhiyyəsindən hiss edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınması prosesi başlanıb.
Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır.  

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.

Xalq dövlətinə və əsgərinə güvənir

“Son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər”.

Bunu mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.
"Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək".
“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər”.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında qeyd edilir. 

“Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər. Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir”.
Niyə qismən səfərbərlik? Hərbi ekspert Üzeyir Cəfərov bu haqda danışıb. Hərbi ekspert bildirib ki, “Səfərbərlik haqqında” qanunun 3-cü maddəsində göstərilir ki, səfərbərlik ümumi və qismən elan edilir. Ümumi və qismən səfərbərlik bir-birindən fərqlənir. Qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, hərbi ixtisaslardan gedir. Tibb işçiləri də qismən səfərbərliyə cəlb edilir. Ümumi səfərbərlikdə isə artıq müəyyən yaş həddinə bütün əli silah tuta bilən vətəndaşlar çağırılır. Hazırda Azərbaycanda qismən səfərbərlik elan edilib, bu da onu deməyə əsas verir ki, Azərbaycan Ordusu güclüdür, canlı qüvvə sarıdan heç bir çatışmazlıq yoxdur, sadəcə, konkret ixtisaslar üzrə hərbi kadrların cəlbinə zərurət yaranıb.  

Toplanışa cəlb olunanların iş yerləri və əmək haqları saxlanılır

Azərbaycan dövlət siyasətində vətəndaşların sosial rifah halının yüksəlməsi, həyat şəraitlərinin yaxşılaşması prioritetdir. Bunu ən gərgin günlərdə - koronavirus pandemiyasının hələ bitmədiyi hazırkı dövrdə də görürük. O cümlədən Azərbaycan dövləti qismən səfərbərliyə cəlb edilənlərin iş yerlərinin saxlanması və əmək haqlarının ödənməsi məsələsində də prinsipial mövqe tutur.  

"Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir”.

Bunu orduya çağırılanların iş yeri problemindən danışan "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, son zamanlar sosial şəbəkələrdə təlimdə olanların iş yerləri ilə bağlı çoxlu suallar yaranıb:

"Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan hərbi qulluqçuların toplanışı çox böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi odur ki, onlar müasir texnikalarla yaxından tanış olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər ölkələrdə belə toplanışlar keçirilir.

Ölkəmizdə əvvəllər də hərbi toplanışlar keçirilib. Bu, gələcəkdə də davam edəcək. Ancaq sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar.

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da, bu məsələlər öz yerini tapar.

Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə təşəkkür edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib”.

E.Həsənlinin sözlərinə görə, bölgələrdə hər gün onlarla insan təlimlərə getmək üçün müraciət edir: "Baş redaktorlar, hərbi ekspertlər və digər ictimaiyyət nümayəndələri Səfərbərlik Xidmətinin fəaliyyətini çox yüksək qiymətləndirir.

Qurum yarandığı gündən həm çağırış sistemində şəffaflıq gerçəkləşdi, həm də ehtiyatda olan qulluqçuların qeydiyyatı aparıldı. Hərbi qulluqçular hərbi ixtisaslar üzrə müəyyənləşdirildi.

Məhz toplanışlar da həmin ehtiyatda olan hərbi qulluqçuların ixtisaslara bölünməsi nəticəsində asanlaşdı. Ehtiyatda olanların yaşadıqları, getdikləri yerlər, iş yerləri, hətta cib telefonlarına qədər hər şey öyrənilir.

Bunun üçün xidmətin rayonlar üzrə şöbələrində bununla məşğul olan zabit və gizirlər var. Toplanışların və çağırışların həyata keçirilməsində ən böyük amil xalqımızın vətənpərvərliyidir. Buna görə də, gənclərimiz qısa bir müddətdə səfərbər oldular.

Hətta Səfərbərlik Xidmətinin bölgələrdəki şöbələrinə hər gün onlarla, yüzlərlə müraciət olur ki, bizi niyə bu təlimlərə aparmırlar. Bir daha qeyd edim ki, müxtəlif ixtisasda olan hərbi qulluqçular bu prosesə cəlb olunur. Təlimə çağırılanlardan bəziləri deyir ki, ailələrimiz məlumatlandırılmayıb. Bütün təlimə çağırılanlara ailələri ilə əlaqə saxlamaq üçün şərait yaradılır. İctimai birlik olaraq, daim toplanışda olanlarla yaxından əlaqə saxlayırıq və görürük ki, onlarda böyük ruh yüksəkliyi var. Hərbi təşkilat olaraq, daim bu prosesləri izləyəcəyik. Dövlət və bayraq elə mövzudur ki, hər kəs bu barədə əlindən gələni etməlidir”.