İnşallah, Qələbədən sonra olar

İndi sənət adamlarının cəbhə bölgəsinə axışması doğru deyil

Sentyabrın 27-dən bu günə qədər baş verən hadisələrə, cəbhədə gedən döyüşlərə, ermənilərin terror aktlarına hamı kimi incəsənət adamları da biganə qalmayıb. Onlar həm virtual məkanda, həm də müxtəlif yollarla orduya dəstək olmağa çalışıblar. Tanınmış xanəndələr, sevilən sənətkarlar cəbhə bölgəsinə yola düşərək əsgərlərimizə ruh yüksəkliyi, xoş əhval-ruhiyyə bəxş ediblər. Bir sıra mədəniyyət xadimlərinin cəbhə boyu ərazilərə yollanması isə cəmiyyətdə suala səbəb olub.

Sənət adamlarının hərbçilərə dəstək olmaq üçün cəbhə xəttinə getməsi aksiya şəklində təşkil oluna bilərmi?

Sualımıza cavab tapmaq məqsədilə  Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovla əlaqə saxladıq. Ekspert hazırda Azərbaycanın müharibə şəraitində yaşadığını, fövqəladə vəziyyətlə əlaqadər komendant saatının tətbiq olunduğunu qeyd edərək bunları söyləyib:

“Bu zaman istər sıravi vətəndaşların, istərsə də sənətçilərin çağırış olmadan cəbhə bölgəsinə getməyi, ya da nə isə sovqat aparmağı düzgün deyil. Fikirləşmirəm ki, bir sənətçi döyüşən, Vətən uğrunda canından keçən hərbçilərə kömək edə bilər. Hazırda intensiv döyüşlər gedir. Baxmayaraq ki, atəşkəs elan edildi, amma Ermənistan yenə də öz fitnələrindən əl çəkmir. Onlar həm atəşkəsi pozdular, həm də Gəncədə terror aktı törətdilər. Belə bir məqamda sənətçilərin cəbhə bölgəsinə yollanması səhv addım olar. Ona görə həm Müdafiə Nazirliyi, həm də ictimai fəallar qeyd etdilər ki, müharibə bölgəsinə getmək, yardım aparmaq olmaz. Bilmirik ki, yardımlar hansı formada gətirilir. Ərzaq, ya da geyim sovqatı olsun, fərqi yoxdur. Onlar xüsusi yoxlanışdan keçməlidir. Müdafiə Nazirliyinin qaynar xətti, bununla bağlı aidiyyəti qurumlar var. Əsgərlərə pay göndərmək üçün onlara müraciət etməlidirlər. Maddi dəstək üçün də Silahlı Qüvvələrə Yardım Fondu təşkil olunub. Həmin fonda pul köçürərək yardım edə bilərlər”.

Kulturoloq həmçinin bildirib ki, hazırda vətənpərvərliklə bağlı, milli ruhda kifayət qədər gözəl əsərlər, mahnılar  yazılır:

“İndi ölkəmizdə vətənpərvərlik ruhu yüksək səviyyədədir. Məsələn, şəhidin ailəsi deyir ki, “Fəxr edirəm oğlum Vətən uğrunda canından keçib. Aparsalar mən də gedib vuruşaram”. Onu da qeyd edim ki, hər birimiz Ali Baş Komandan  İlham Əliyevdən və Mehriban xanımdan örnək götürürük. Cənab Prezident, nəinki Azərbaycan,  Amerika, Avropa və Şərq ölkələrinin bütün aparıcı telekanallarına müsahibələr verir. Tarixi faktları, Qarabağ həqiqətlərini, Ermənistanın terrorçu əməllərini dünyaya çatdırır.

Tviter, fesybuk səhifələri durmadan cəbhə və vətənpərvərliklə bağlı materiallar paylaşır. Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız dillərində də paylaşımlar olur. Biz də onlardan örnək götürmüşük. Məsələn, gənclər təşkilatlarının milli şurası var. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ictimai nəzarət qrupları yaradılıb. Ölkənin hər yerində vətənpərvərliklə bağlı aksiyalar keçiririk. Bu aksiyalar zamanı həm hərbi vətənpərvəlik ruhu təbliğ olunur, həm də orduya, ali baş komandana dəstək ifadə edilir. Eyni zamanda koronavirusla bağlı istər vətəndaşlarımızın, istərsə də əsgərlərimizin sağlamlıqlarını qorumaqla bağlı kampaniyalar aparırıq”.

Sonda A.X.Əbilov sənət adamlarının cəbhəyə yola düşməsinin koronavirus infeksiyası baxımından da riskli olduğunu qeyd edib:

“Fərz edək ki, hansısa incəsənət adamı koronavirusa yoluxub. O gedib hərbiçilərimizi də yoluxdura bilər. Bu zaman bizim iki düşmənimiz olar. Ona görə də bu məsələdə çağırış etmək olmaz. Rəsmi qurumları dinləmək lazımdır. Tezliklə böyük qələbənin xəbərini eşidəcəyik. Onda incəsənət adamlarımız gedəcəklər, orda konsertlər verəcəklər”.