Susqunluq Minsk qrupunu tarixə göndərdi

Qarabağ danışıqlarında yalnız Rusiya və Türkiyə var

"Həmsədr ABŞ və Fransanın yeri konkret müəyyən edilməlidir. Çünki köhnə format, danışıqlar prosesi artıq yoxdur"

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proses faktiki olaraq ATƏT-in Minsk qrupu çərçivəsində getmir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı bəyanat yeni vəziyyət yaradıb.

Artıq danışıqlar ikitərəfli formata keçib və bu yeni format Minsk qrupundan kənarda işləyəcək. Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiev deyib ki, Azərbaycan problemi özü həll etdiyi üçün daha vasitəçilərə ehtiyacı qalmayıb.

Ekspertlər də etiraf edirlər ki, Minsk Qrupu, xüsusilə onun həmsədrlik institutu olan üçlü format defakto mövcudluğunu itirib. Ümumiyyətlə, yaradıldığı gündən həmsədrlik institutunun fəaliyyəti heç bir nəticə verməyib. Minsk qrupunun 11 üzvü olmasına baxmayaraq, üç həmsədr ölkə bu qrupu daim təsir altında saxlayırdı. Xüsusilə bu məsələdə canfəşanlıq edən Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməsi vasitəçilik missiyasının üstündən xətt çəkdi. Üçlü format isə defakto mövcudluğunu itirib. 

Bundan sonrakı müzakirələrin hansı formada davam edəcəyi ilə bağlı “Şərq”ə fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bəyan edib ki, Dağlıq Qarabağ məsələsi və münaqişənin birdəfəlik həll yolu əvvəl-axır siyasi platforma çərçivəsində müəyyənləşməli, rəsmiləşməlidir. Analitikin sözlərinə görə, danışıqlar prosesi hansısa formada davam etməlidir:

“Üç dövlət arasında imzalanmış məlum Bəyanatda müxtəlif məqamlar, bəzi nüanslar hələ də açıq qalır. Məsələlərə tam aydınlıq gəlməsi üçün müzakirələr davam etməlidir. Çox güman ki, sonrakı danışıqlar ATƏT müstəvisində aparılacaq. Burada söhbət üçlü həmsədr institutundan yox, Rusiya və Türkiyənin də yer aldığı Minsk qrupunun üzvlərindən gedir.

Bu platformada münaqişələr Avropa təhlükəsizlik sistemi çərçivəsində həll olunur. Düzdür, bu formatı biz formalaşdırmamışıq, indiyə kimi müzakirələr əsasən beynəlxalq prinsiplər çərçivəsində aparılıb. İndiki şəraitdə Minsk qrupunun bütün üzvləri prosesin gedişində öz mövqelərini bəyan etməlidir. Türkiyə Minsk qrupunun üzvü kimi yeni formatın çox fəal iştirakçısıdır. Hazırkı reallığı məhz Türkiyə müəyyənləşdirir, yeni hüquqi normalara əsaslanan baza formalaşdırır”. 

İ.Vəlizadə vurğulayıb ki, həmsədr ABŞ və Fransanın yeri konkret müəyyən edilməlidir. Çünki köhnə format, danışıqlar prosesi artıq yoxdur:

“Bu dövlətlər yeni reallıqları qəbul etməlidir. Fransa rəhbərliyinin rəsmi Bakıya münasibəti, ermənipərəstliyi bizə çoxdan bəllidir. Fransız rəsmilərin son açıqlamaları bizə imkan verir ki, bu yanaşmanı əsas götürərək rəsmi Parisin mənfi rolunu və prosesdə tərəfli iştirakını neytrallaşdıraq. Fransanın mövqeyi bizim üçün qəbuledilməzdir.

Daha açıq formada Ermənistana dəstək verən, düşmən ölkəyə silah-sursat yardımı göstərən Rusiya belə Fransa qədər qərəzli bəyanatlar səsləndirməyib. Ona görə də bu cür qərəzli ölkələri sıxışdırıb onların yerinin Türkiyə kimi qardaş və dost ölkələrin almasına çalışmalıyıq.

Əgər həmsədr rolunda çıxış edən Fransa ermənilərə açıq dəstək verirsə, Azərbaycanın yanında olan Türkiyə niyə həmsədr ola, prosesdə iştirak edə bilməsin?!”.