Azərbaycan-Türkiyə enerji əməkdaşlığının növbəti mərhələsi: “Yeni qaz xətti..”

“Qardaş ölkənin bizdən aldığı mavi qazın həcmini yaxın illərdə 8 milyard kub metrə çatdıracaq”

“Bu da Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq”


Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair memorandum imzalanıb. Sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz tərəfindən təsdiqlənib. Hər iki nazir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.

Təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “BOTAŞ” şirkəti həyata keçirəcək. Kəmərin uzunluğu 85 km, illik nəqletmə gücü isə 500 mln. kubmetr təşkil edəcək. Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.



Qardaş ölkə ilə imzalanan yeni sənədi “Sherg.az”a şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu memorandum ilə Azərbaycan-Türkiyə arasındakı enerji əməkdaşlığı növbəti mərhələdə davam etdiriləcək. İqtisaçı söyləyib ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri də Türkiyə mavi qazının nəql edilməsidir:

“Xüsusən TANAP vasitəsilə Türkiyəyə nəql ediləcək mavi qazın həcmində artımlar müşahidə olunur. Növbəti dövrlərdə də bu artımlar davam edəcək. Türkiyə üçün Naxçıvanın qaz təminatının gücləndirilməsinə dəstək bu gün Türkiyə-Azərbaycan əməkdaşlığında prioritet məsələlərdən biridir. Bu baxımdan artıq enerji sektorunda əməkdaşlığın daha da güclənməsini müşahidə edəcəyik”.

V.Bayramov qeyd edib ki, Türkiyə Azərbaycandan aldığı mavi qazın həcmini yaxın illərdə 8 milyard kub metrə çatdıracaq:

“Bu da Türkiyənin mavi qaza olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq. Türkiyə mavi qaza olan ehtiyacın ödənilməsində mənbələrin şaxələnməsinə mərhələli şəkildə nail olacaq. Bütün istiqamətlərdə olduğu kimi, növbəti illərdə, xüsusən 2021-ci ildə qardaş ölkə ilə enerji əməkdaşlığının daha da güclənməsini müşahidə edəcəyik”.