Bayden daha radikaldır ! - “Kreml “fövqəldövlət” statusunu itirəcək” 

“ABŞ-ın yeni prezidenti Rusiyanın yeni dünya nizamında yerinin olmamasına, regional və qlobal nüfuzunun itirilməsinə çalışır”

“Yaxın illərdə ABŞ-la Rusiyanın maraqları Orta Asiyada, Cənubi Qafqazda toqquşacaq və bu mübarizədə ikinci tərəf uduzacaq”


 ABŞ Dövlət katibi Mayk Pompeo ölkə hökumətinin şəbəkəsinə genişmiqyaslı kiberhücumlarda Rusiyanın iştirakı olduğunu bildirib. Bu barədə ABŞ Dövlət katibi “The Mark Levin Show”a müsahibəsi zamanı qeyd edib.


“Düşünürəm ki, indi məhz rusiyalıların iştirakı olduğunu daha dəqiq deyə bilərik”, - deyə M.Pompeo bildirib.

 Bunun ardınca ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə açıqlama verib.
Bayden ABŞ dövlət qurumlarına və şirkətlərinə qarşı kiber hücumlara görə Rusiyanı cəzalandırmaq üçün bir neçə variantı nəzərdən keçirəcək. 
Mənbəyə görə, ABŞ-ın cavabı “cinayətkarlar”ın böyük iqtisadi, maliyyə və texnoloji itkilərə məruz qalmalarına kifayət etməlidir. Bununla belə, sanksiyalar iki nüvə dövləti arasındakı qarşıdurmanı kəskin həddə çatdırmamalıdır. ABŞ iqtisadi sanksiyalardan başqa, Rusiyaya qarşı cavab kiberhücumlardan da istifadə edə bilər.
Görünür, ABŞ-Rusiya gərginliyinin növbəti mərhələsi başlamaqdadır. 

Politoloq Məhəmməd Əsədullazadə tərəflər arasında münasibətlər barədə “Sherg.az”a danışarkən proseslərin daha mürəkkəb formada inkişaf edəcəyini deyib: 

“ABŞ və Rusiya arasında münasibətlər kəskin olaraq qalıb. Bunu Rusiya dövlət başçısı Putin də vurğulayıb. Qeyd edək ki, Kreml ABŞ-ın Şərqi Asiyada, Cənubi Qafqazdakı maraqlarını heçə sayıb. Həmçinin Dağlıq Qarabağ məsələsində də şimal qonşumuz öz rəqibini “ofsaytda” saxladı. Bütün bunlar yaxın perspektivdə öz nəticəsini göstərəcək. Trampın Moskvaya qarşı həyati əhəmiyyət daşımayan, daha yüngül sanksiyalar tətbiq etdiyini bilirik. Amma Bayden Putin hakimiyyətinə qarşı çox radikal mövqe tutur.

Ona görə də onun antirus mövqeyi hətta qlobal siyasətə də təsir göstərəcək. Bayden hakimiyyəti yeni dünya nizamının formalaşmasında “beynəlxalq jandarm” rolunu oynamaq istəyir. Əsas hədəf isə ABŞ-ın “ayağına dolaşan” Kremldir. Bayden Rusiyanın yeni dünya nizamında yerinin olmamasına, regional və qlobal nüfuzunun itirilməsinə çalışır. Moskva bunu yaxşı başa düşdüyünə görə, hazırlıqlara indidən başlayıb”.

M. Əsədullazadənin fikrincə, Moskva xəyal qırıqlığına uğrayacaq: 

“Putin münasibətlərə iki fövqəlgücün tərəfdaşlığı kimi yanışır. Bayden isə Rusiyanı güc sahibi kimi tanımır. Düşünürəm ki, kəskin sanksiyalar mart-aprel aylarından etibarən başlayacaq. Nəticədə bütün sosial və iqtisadi layihələr iflasa uğrayacaq və Kreml “fövqəldövlət” statusunu itirəcək. Yaxın illərdə ABŞ-la Rusiyanın maraqları Orta Asiyada, Cənubi Qafqazda toqquşacaq və bu mübarizədə ikinci tərəf uduzacaq”.