Naxçıvan-İğdır qaz boru kəməri !- “İran vasitəsilə təminat azalacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün zəruri addımların atılması barədə qərar imzalayıb. Bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Energetika Nazirliyindən verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.



Əlbəttə, bu, hər iki tərəf üçün divident olmaqla yanaşı, həm qardaşlığın, iqtisadi və siyasi arenadakı partnyorluğun növbəti təzahürüdür. Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban sözügedən memorundumun əhəmiyyəti barədə “Sherg.az”a danışıb: 

“Beləliklə, ilk növbədə Naxçıvanın enerji təchizatı şaxələndiriləcək. İkinci bir tərəfdən isə qaz daşınmasının təhlükəsizliyi təmin olunacaq. Bildiyiniz kimi, 2005-ci ildən etibarən qaz təminatı İran vasitəsilə həyata keçirilir. Bu isə xeyli vəsait tələb edirdi. İndi İran vasitəsilə qaz təminatı tam dayandırılmasa da, həcmi xeyli azalacaq”.