"Görünən odur ki, Qarabağa sabitlik və təhlükəsizlik gəlir"

Kamran Rüstəmzadə: "Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlaması həyati əhəmiyyət daşıyırdı"



Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və Qarabağ probleminin böyük miqyasda nizamlanması 2020-ci ilin ən mühüm hadisəsi oldu. Ancaq proses tam yekunlaşmadığı və kifayət qədər önəmli hesab edilən bəzi məqamlar hələ də qaldığı üçün mövzu 2021-ci ərzində də politoloqların diqqət mərkəzində olacaq. Artıq keçmişdə qalan münaqişədən sonra müzakirə predmetinə çevrilən ciddi mövzulardan biri də bölgədə Rusiya faktoru, ələlxüsus sülhməramlı kontingentin Qarabağda yerləşməsidir.
Qeyd edək ki, cəmiyyətin əhəmiyyətli hissəsi Rusiyanı, sülhməramlıların mövcudluğunu təhlükə kimi dəyərləndirirlər. Lakin digər qisim hesab edir ki, ilkin mərhələdə və mövcud şərtlər daxilində ən optimal yol Rusiyanın Qarabağın ermənilər yaşayan ərazilərinə nəzarət etməsi, moderatorluğu əlində saxlamasıdır. Çünki Moskva həm də Yerevanı yola gətirən mühüm amil sayılır.

Mövzu ilə bağlı “Şərq”in suallarını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspirantı, postsovet ölkələri üzrə siyasi təhlilçi Kamran Rüstəmzadə xatırladıb ki, münaqişəni aradan qaldırmaq üçün ABŞ və Avropa İttifaqı ölkələri uzun illər çalışdı. ATƏT-in Minsk qrupu ilə yanaşı, Gürcüstan və İran da moderator kimi çıxış etmək istədilər.

Lakin yalnız Rusiya tərəflərə münaqişənin uzunmüddətli həll formatını və regionda sülhün bərqərar olmasını təklif edə bildi. Bu prinsiplər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında öz əksini tapdı...

 - Kamran bəy, 10 noyabrdan sonra cərəyan edən prosesləri necə dəyərləndirirsiniz? Baş verənlər nə dərəcədə xeyrimizədir?

 -  Faktiki olaraq, üçtərəfli birgə bəyanatın maddələri Qarabağla bağlı əvvəllər hazırlanmış Madrid və Kazan prinsiplərinin məntiqi davamı oldu. Sadəcə üçtərəfli anlaşmanın önəmi odur ki, əvvəlki sənədlər kimi kağız üzərində qalmadı və dərhal reallaşmağa başladı. Rusiya faktoru Qarabağın Azərbaycanın siyasi məkanına inteqrasiyasına dair yeni razılaşmanın və danışıqlar prosesinin dinamikasının qorunub saxlanılmasında mühüm rol oynayır. Artıq müsbət dinamika nəzərə çarpmaqdadır. Məsələn, Ermənistandan olan çağırışçılar bundan sonra Qarabağa getməyəcək və respublika daxilində yerləşən hissələrdə xidmət edəcəklər. O cümlədən Rusiya sülhməramlıları erməni akkreditasiyası ilə fransalı jurnalistləri Dağlıq Qarabağa buraxmadı. Rusiya sülhməramlılarının qanuni fəaliyyəti Qarabağ bölgəsində Ermənistan tərəfinin təxribat törətməsinə imkan vermir. Bu da iqtisadi və humanitar əlaqələrin bərpası üçün ölkələrin birgə fəaliyyətini asanlaşdırır. Nəzərə alaq ki, Cənubi Qafqaz yeni geosiyasi proseslərin mərkəzidir və Rusiya burada öz nüfuzunu qoruyub saxlamağa çalışır. 

 - Rusiya Türkiyə ilə birlikdə ortaq fəaliyyətdə nə qədər maraqlıdır? Sülhyaratma prosesində iki ölkənin birgə çalışması effektli olacaqmı?

 - Əvvəla deyim ki, Cənubi Qafqaz regionu ənənəvi olaraq Avropa İttifaqı, İran, ABŞ, Rusiya və hətta müəyyən dərəcədə Çin kimi müxtəlif geosiyasi güclərin qarşıdurma zonası olub. Bu, əlverişli coğrafi vəziyyətlə, təbii resurslarla və Avropa-Asiya arasında nəqliyyat zonasına çevrilmək üçün regionun böyük perspektivi ilə əlaqədardır. Əlbəttə, müxtəlif ölkələr daha çox regionun geoiqtisadi vəziyyətindən mənfəət əldə etmək uğrunda mübarizə aparıblar. Burada əsas maneə Qarabağ münaqişəsi idi. Son dönəmlər Rusiya ilə Türkiyənin Qərbin aparıcı ölkələri ilə münasibətləri xeyli pisləşib. İran və Koreya probleminin həll edilməməsi nəticəsində Şərq-Qərb prinsipi ilə beynəlxalq münasibətlər yenidən qütbləşib. Belə şəraitdə Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlaması həyati əhəmiyyət daşıyırdı. Xüsusilə, Azərbaycan-Türkiyə yaxınlaşması, həmçinin Ermənistan və Gürcüstanın Aİ və ABŞ-a tərəf dönüşü fonunda bu, çox önəmli idi. Cənubi Qafqaz Rusiyanın təhlükəsizlik zonası sayılır. Moskva üçün vacib olan məqam problemlərin həllində əsas hakim rolunu oynamaq və bununla öz təsir gücünü saxlamaqdır. Qarabağ hadisələri bu tezisi təsdiqlədi və göstərdi ki, həm Azərbaycanla, həm də Ermənistanla iqtisadi və mədəni əlaqələrə malik Rusiya hər iki ölkə arasında moderator qismində çıxış edə bilər. Bununla yanaşı, Rusiya tərəfi çeviklik nümayiş etdirir və hər iki ölkənin maraqlarını da nəzərə alır. Rusiya sülhməramlılarının Qarabağın erməni əhalisi üçün həyata keçirdikləri humanitar aksiyalar və Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılması bunun bariz nümunəsidir. Bununla Rusiya tərəfi Azərbaycanın yaxın tərəfdaşı olan Türkiyəyə nizamlama prosesində iştirak etməyə imkan yaradır. Rusiya regionun iqtisadi inkişafının təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Təbii olaraq, bu prosesdə digər maraqlı tərəflərin - Türkiyə və İranın da iştirakına şərait yaranır. Atılan addımlar regionun inkişafı və xarici təsirlərlə “rəngli inqilab” senarilərinin qarşısının alınmasının ən yaxşı formasıdır.  

 - Regionda təhlükəsizliyin təmin olunması və iqtisadi layihələrin reallaşması digər problemləri də həll edəcəkmi? 

 - Təhlükəsizlik-iqtisadi inkişaf üçün əsasdır. Cənubi Qafqazın iqtisadi inkişafı üçün bir neçə təklif var. Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanın da iştirakı ilə “3+3” platformasını təklif edirlər. İranın xarici işlər nazirinin bu yaxınlarda region ölkələrinə səfəri rəsmi Tehranın Qarabağın iqtisadi inkişafında iştirak etmək niyyətini təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistandan olan ekspertlərdən ibarət üçtərəfli işçi qrupunun bir neçə görüşü də keçirilib. Bütün bunlar 2020-ci ilin noyabrında imzalanmış sazişin ümumi nəticəsidir. Görünən odur ki, Qarabağa sabitlik və təhlükəsizlik gəlir. Bu amillər həmin ərazilərin Azərbaycanla reinteqrasiyasını daha da sürətləndirəcək. Ortaq çalışmalar regionun iqtisadi potensialının reallaşdırılması üçün yaxşı mühit yaradacaq. Bütün bölgə ölkələri üçün ən optimal və səmərəli yol budur. Ermənistan da daxil olmaqla regionun bütün dövlətləri bu reallığı dərk etməlidir.