Qələm adamları kim və nə üçün darıxırlar ? - “Dəli bir ağlamaq keçir könlümdən” - Sorğu

Koronavirus pandemiyası  özü ilə birlikdə həm də həsrət gətirdi. Aylardır ki, insanlar sevdiklərindən -əzizlərindən, hər gün gedib-gəldikləri iş yerlərindən uzaqdırlar.  Nə vaxta kimi eyvandan şəhərə boylanmaqla özümüzü ovunduracayıq?..
  Düzdür, indi vəziyyət xeyli düzəlib, karantin qaydaları yumşaldılıb. Amma ürəyimizdəki intizar davam edir. Doğmalarımız, görməyə vərdiş etdiyimiz insanlar, yerlər üçün, necə deyərlər, “burnumuzun ucu göynəyir”. Maraqlıdır ki, qələm adamları kim üçün, nədən ötrü darıxıblar?

Bu suala cavab tapmaq məqsədilə onlardan bir neçəsi ilə həmsöhbət olduq:


“Yollar üçün çox darıxıram”

Cahangir Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin professoru: “Əlbəttə, iş yerimdən və tələbələrimdən ötrü darıxmağımı ifadə etməkdə belə çətinlik çəkirəm. Amma etiraf edim ki, bu çətin günlərin tənhalığında və lüzumsuz sakitliyində görüşmək üçün ən çox darıxdığım adam Aqil Abbasdır. Aqil Abbasla görüş elə fakültəmizin tələbələri ilə görüş deməkdir. Çünki Aqil Abbas tələbələrimizi ilin bu vaxtlarında müxtəlif rayonlara səfərlərə aparırdı. Fakültəmizdə nəşr olunan “Jurnalist” tədris qəzetinin tələbə müxbirlərinə qonorar verirdi. Bu yaz onun bu xeyirxahlığından uzaq düşdük. 
Nədən ötrü darıxmağıma gəlincə deyim ki, yollar üçün çox darıxıram. Mən yazılarımı əsasən uzun yollarda, avtomobil sükanı və ya metro qatarında yazıram. Çingiz Aytmatovun vaxtı ilə bestsellər kimi oxunmuş “Əsrdən uzun gün” romanının hər fəslində eyni efiqraf təkrar olunur: “Bu yerlərdə qatarlar qərbdən şərqə, şərqdən qərbə şütüyür”. Mən bizim qərbdən şərqə, şərqdən qərbə, şimaldan cənuba, cənubdan şimala uzanan yollarımız üçün, Ağdamın Ətətli kəndindən görünən kəndimiz üçün darıxmışam. Məni çox da dindirmə. Kövrəlib hönkürə bilərəm. Bu günlərdə Alı Mustafayevin şeirindən bir misra düşür yadıma tez-tez: “Dəli bir ağlamaq keçir könlümdən”.


“İşləyən adam niyə darıxmalıdır ki?”

Fikrət Qoca, Xalq şairi: “Demək olar, darıxmıram. Evdə ədəbi fəaliyyətimi davam etdirir, yazılarım, kitablarım üstündə işləyirəm. Əsərlərimə yenidən baxır, düzəlişlər edirəm. Həm də işləyən adam niyə darıxmalıdır ki? Mən həmişə oxumaqla, yazmaqla, “həyatda nələrə nail olmuşam?” sualına cavab tapmaqla məşğulam. Kamilləşmək istəyən şəxsin boş vaxtı olmur. Odur ki, elə də darıxmıram. Vaxtımı səmərəli keçirməyə çalışıram. Bu dönəm insanın öz-özünə hesab verməsi, dünyanı dərk etməsi üçün yaxşı fürsətdir”.



“Darıxıram...Çox darıxıram...”

Nəriman Həsənzadə, Xalq şairi: “Darıxıram...Çox darıxıram...Tələbələrim, müəllim yoldaşlarım, yazıçı dostlarım üçün. Biz nəinki tibbi maskasız, heç maska ilə də evdən çölə çıxa bilmirik. Çünki yaşım 65-i keçib. Hər gün görməyə adət etdiyin insanlardan ötrü necə darıxmayasan?”




Nə dəniz qırağında gəzə, nə də çay içə bilirəm

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru: “Həmişəki kimi, adət etdiyimiz qaydada işləyirik. Ona görə də darıxmağa çox vaxtım olmur. Lakin sevimli vərdişlərimi indi təkrarlaya bilmirəm. Nə səhərlər dəniz qırağında gəzə, nə də çay içə bilirəm. Qohumlar, tanışlar, o cümlədən yaşlı əzizlərimiz üçün də darıxıram. Buna baxmayaraq, texnologiya bizə kömək edir. Telefon vasitəsilə əlaqə saxlayır, hətta bəzən görüntülü danışırıq”.