Akif Əhmədgil: "Bəzən deyirlər, ən məşhur əsərlər müharibələr, pandemiyalar dövründə yazılıb, amma mən bu fikirlə razı deyiləm"
Mendeleyev Tağıyevin dəvətiylə 2 dəfə Bakıda olub. Hətta Tağıyev fontan vurmuş buruqlarından birinə Mendeleyevin oğlunun adını verib
Nəsimi ilə dünyaya çıxmaq mümkündü. Çünki Nəsimi poeziyasında dünyəvilik var, həyatında da dünyəvilik var. Şamaxıda anadan olmuş bir adam bütün Şərqi gəzir, nəhayət Suriyada işgəncə ilə öldürülür
Şair, tərcüməçi Akif Əhmədgillə maraqlı söhbətimiz oldu. Məsafədən – telefon danışığı, təbii ki. Akif bəyin dediyi kimi, bu günləri ömrümüzün sonunadək xatırlayacağıq. Bəzimiz üçün kədərli, acılı xatirələr olacaq, bəzimiz üçün də, daha çox qadağalarla yadda qalan. Amma deyəsən, məsuliyyətsiz vətəndaşlarımızdan narazılıq məsələsində əksəriyyətin rəyi yekdildir; məsuliyyətsizlərin üzündən əziyyət çəkirik. Evdə qalmaq da bir sıxıntı. Akif Əhmədgil də sıxıntı keçirirmi karantin günlərində?
- 3-4 ay işsiz qaldığım vaxtlar olub. Evdə olmuşam. Belə hallara öyrəncəliyəm. Amma bu karantin dövründə görüləcək işlərim çox oldu. “525-ci qəzet”dən sifariş almışam. Günel Anarqızının “Şəhərim” layihəsində tərcümə işini icra edəcəm. Bəlkə də xəbəriniz var, Günel Anarqızının “Şəhərim” hekayəsi əsasında eyni adlı qısametrajlı film çəkilib. Pandemiyadan əziyyət çəkən şəhərlər – Roma, Milan, İstanbul, Paris, London, Berlindən layihəyə qoşuldular. Bu hekayə və film “boş qalmış şəhərlər”ə ithaf olunur.
Bakının timsalında digər şəhərlər də yad edilir. Film 7 dildə səslənib, 6 dilə tərcümə edilib. Sonra M.F.Axundov adına Milli Kitabxanada Hacı Zeynalabidin Tağıyevə məxsus “Neft sənayesinin təxirəsalınmaz vəzifələri” kitabını tapmışam. 1889-cu ildə yazılıb, Tağıyevin məruzəsidi. Rus dilində nəşr edilib. Onu oxudum, heyrət etdim. Tağıyev yazır ki, ay bədbəxt uşağı, neft fontan vuranda sevinirsiz, pulu xərcləyib kef edirsiz. Bir də görəcəksiz ki, Amerika sizi ötüb keçib. Deməli, o zaman Rusiya imperiyası neftçıxarmada Amerikadan öndə imiş. Tağıyev isə məruzəsində qeyd edir ki, neft çıxarmaqla kifayətlənmək olmaz, neftçıxarma sənayeləşdirilməlidir. İndi həmin məruzəni Azərbaycan dilinə tərcümə edirəm, nəşr etdirmək fikrim var. Bir faktı da deyim; məşhur rus alimi Dmitri Mendeleyev Tağıyevin dəvətiylə 2 dəfə Bakıda olub. 1870-80-ci illərdə. Hətta Tağıyev fontan vurmuş buruqlarından birinə Mendeleyevin oğlunun adını verib. Tağıyevin kürəkəni Avropada neft sənayesi üzrə təhsil alıbmış. Hətta məncə, o, Azərbaycanda kimya üzrə ilk alim olub. 1921-ci ildə vəfat edib. Görünür, Tağıyevin neft sənayesi ilə bağlı fikirlərinə kürəkənin də təsiri varmış.
- Maraqlı faktlardır. Adətən biz H.Z.Tağıyevi xeyriyyəçi kimi təqdim edirik. Neft buruqları olub, Qızlar Məktəbi açıb, tələbələr oxutdurub, su kəməri çəkib... və sair.
Amma məlum olur ki, Tağıyev həm də gələcəyi hesablaya bilən, geniş dünyagörüşlü, hərtərəfli şəxsiyyət imiş...
- Əlbəttə!.. Hərtərəfli savadlı, ağıllı adam olmasaydı Parisdə, Peterburqda "kontorlar" açardı?!. Dahi şəxsiyyətlər barədə gərək faktlarla danışasan. Yoxsa, filankəs haqqında bunu deyib, onu deyib... Belə istinadsız məlumatlar təsirli olmur. Amma faktlara, tarixi sənədlərə istinad ediləndə qarşındakı da görür ki, havadan danışmırsan. Əlimizdə istinad nöqtələri olmalıdır. Belə materiallar tapılıb üzə çıxanda istinad nöqtələrimizin sayı da artır.
- Yəni, karantin günlərində darıxmağa macalınız yoxdu, işiniz başınızdan aşır...
- Bəli... Həm də “SOCAR”ın “Azərbaycan neft təsərrüfatı” jurnalı var, orda redaktə və tərcümə ilə məşğulam. Bəzən deyirlər, ən məşhur əsərlər müharibələr, pandemiyalar dövründə yazılıb, Şekspiri misal çəkirlər... Mən Danteni bilirəm ki, “İlahi komediya”nı taun epidemiyası zamanı yazıb. Ancaq mən bu fikirlə razı deyiləm. Yazan bədbəxt həmişə yazır!..
- Deyirsiz, “evdə qal” rejiminə işsizlik zamanından alışmısınız. Qaydalara əməl etməyənlər hər zaman küçədə, parkda kefi istəyəndə istirahət edənlərdi, heç cür öyrəşə bilmirlər qaydalara və əməl etmirlər?
- Hökumət qərar verirsə və qaydalara əməl etmək tələb olunursa, hamı sözsüz əməl etməlidir. Deyiblər, evdən çıxmayın, çıxmayın da!.. Burda nə çətin iş var?! Bizim problemimiz ondadı ki, biz hər şeyi bir-birinə qarışdırırıq. Mən 2018-ci ildə Azərbaycanın cüdo üzrə Milli Komandasının tərkibində Şotlandiyanın Qlazko şəhərində keçirilən ustalar arasında cüdo üzrə Avropa birinciliyndə iştirak etmişəm.
(Doğrusu bu, mənim heyrətimə səbəb oldu və heyrətimi də gizlətmədim)
- Akif bəy, siz cüdo ilə məşğulsunuz?
- Bəli.
- Aa... Zahiri görkəminizdən (“Azərbaycan” nəşriyyatında dəfələrlə qarşılaşmışıq Akif Əhmədgillə - M.R.) heç demək olmaz...
- Niyə ki?.. Cüdo üzrə artıq usta sayılıram. İndi də məşğulam. Azərbaycan Milli komandasının üzvüyəm. Karantinə qədər hər gün saat yarım idman edirdim. İndi idman zalları bağlanıb... İdman insana ən əsası məsuliyyətli olmağı öyrədir. Dövlət səni idman yarışına göndərir, sənə vəsait xərcləyir, gərək sən də etimadı doğruldasan. Tatami üzərinə çıxan idmançı bunu düşünməlidi ki, mən burada dövlətimi, ölkəmi təmsil edirəm. Azərbaycan bayrağının xarici ölkədə qalib idmançılar üçün dalğalanması bilirsiz insanı necə riqqətə gətirir?!. İdman ölkələr və millətlərarası yarışdı. Gərək milli komandanın, öz ölkənin şərəfini qoruyasan.
- Akif bəy, bildiyim qədər Şərq idman növləri daha çox müdafiə xarakterlidir. Yəni, necə deyim... üzərinə gələn yoxdursa, sənə hücum etmirlərsə, kimsəyə hücum etmə, gücünü göstərmə. Bir növ, alicənab idman növləridi...
- Bunlar əsrlərlə tarixi olan döyüş növləridi. Cüdo, sambo... Mən cüdonu yapon dilindən “haqq yolu” kimi tərcümə edirəm. Burda əsas mahiyyət rəqibi tərksilah etməkdir. O qədər güclü olmalısan ki, müdafiə oluna biləsən.
- Hə, Şotlandiyada qalmışdıq...
- Deməli, Qlazko şəhərində olanda fikir verdim ki, şənbə və bazar günləri əhali şəhərə çıxmır. Hamı evdə istirahət edir. Deməli, bu insanlar həftəiçi iş günlərində çalışırlar, həftə sonları isə evdə, şəhər kənarına gedə bilən şəhər kənarında istirahət edirlər. Şənbə və bazar günləri şəhər faktiki boş olur. Amma bizdə əksinədir. Şənbə-bazar günləri şəhərdə adam əlindən tərpənmək olmur. Ona görə deyirəm ki, biz hər şeyi qarışdırmışıq. Nə iş günümüz bilinir, nə istirahət günümüz. Polisin başına zibil atırlar... Nəinki polisin, ümumiyyətlə adamın başına zibil atmaq olmaz! O polis əməkdaşını da nahaq işdən çıxarıblar. Nəsə bir söz deyib, ona görə. Elə burda hamı bir-birinə nəsə deyir də... Başqalarını bilmirəm, şəxsən mən bu məsələdə polisin tərəfindəyəm. Meksikada gördünüz, karantinə əməl etməyənlərlə necə davrandılar?.. Hamısını qatdılar bir yerə, üstlərinə də nə gəldi tökdülər. Di get, indi yuyun, təmizlən... Ümumiyyətlə, o ölkələrdə qaydaları pozanlara qarşı “oğru qanunları” ilə davranırlar. Braziliyanın prezidenti də deyirdi “bu, adi qripdi”. Gördünüz, hara dırmandı yoluxma sayı?!. Amma bu karantin günlərində bir məsələyə görə qanım qaraldı...
- ...
- “Yeni Yasamal”da yaşayıram. “Ətkəsənlər” küçəsində. Məşhurdu ora. Mən oranı “zəncilər məhəlləsi” adlandırıram...
- Adətən belə məhəllələrə “Şanxay” da deyilir...
- Elə də demək olar... Bir prokuror vardı, onun sürücüsü mənə balaca köşk verib. Mən də onu kitabxana kimi istifadə edirəm. Kim istəyir kitab verirəm oxuyurlar. Köşkün ətrafına qızılgüllər əkmişdim. O gün görürəm ki, qızıl gül kollarını qırıblar, əziblər. Ay zalım, heyif deyilmi, niyə qırırsan? Köşkün bir tərəfini də söküblər...
- Niyə axı?
- Nə bilim... Görünür, kiminsə gözü var, istəyir, meyvə-tərəvəz satsın...
- Ötən dəfə redaksiyamıza gələndə Nəsimi iliylə bağlı maraqlı məsələlərdən danışdınız. Qırğız xanımın Nəsimi qəzəllərini tərcümə etdiyini dediniz...
- Ötən il Qırğızıstanın Oş şəhərində Nəsiminin 650 illik yubileyi keçirildi. Mən də getmişdim. Qırğız şairəsi Altunay Temirova Nəsimi heyranıdır və Nəsimi qəzəllərini qırğız dilinə tərcümə edib, indi planımızda var ki, onun kitabını nəşr etdirək. Qazaxıstanda Nəsiminin yubileyini keçirəcəyik. Bir neçə gün əvvəl tələbəlik dostum Zahid Şahsuvarov Suriyanın Hələb şəhərində Nəsiminin məqbərəsini ziyarət edib, orda çəkdiyi fotoları mənə göndərib. Mən də sosial şəbəkədə paylaşdım...
- Gördüm Akif bəy. Deyəsən yazmısınız ki, məqbərə təmir edilir, ya, təmir ediləcək...
- Zahid Şahsuvarov qeyrətli Azərbaycan balasıdı. Neçə il Suriyada tərcüməçi işləyib. Getdikcə də vəzifəsi artıb. İndi “StroyQazProm”un Yaxın Şərq üzrə baş direktorudur. Mənə yazıb ki, məqbərə olan ərazidə hazırda yaşayış yoxdu. Məlum məsələdi, Suriyada indi nə vəziyyətdir. Yaşayış yerlərini tərk edənlər olur. Amma yazıb ki, orda təmir işləri aparanlarla danışacaq və məqbərənin təmir olunmasına çalışacaq. Hansı kömək lazımdısa, göstərəcək.
- Fotolara baxdım, rəyləri də oxudum. Nəsiminin məzarı ilə bağlı zaman-zaman fikir müxtəlifliyi olur. Şərqşünas-alimimiz Nəriman Qasımoğlu lövhənin üzərindəki yazının tərcüməsini verib; Nəsimi təkyəsi (Nəsimi zaviyəsi). Qeyd edir ki, Nəsiminin dəfn edildiyi yer qədim məscid olub. Məmlüklər dövründə məmlük sultanının adı ilə adlandırılıb. Nəsimişünas-alim Səadət Şıxıyeva da fotolardan təsirlənib...
- Bəli, çox rəylər bildirilib. Çox istəyirəm Suriyaya gedim, Nəsimini ziyarət edim. Görək, vəziyyətdən asılıdı. Bəlkə Suriyaya səfərimiz oldu.
- Siz ötən dəfə söhbət edəndə dediniz Nəsimini dünyada təbliğ etmək imkanları genişdir...
- Nəsimi ilə dünyaya çıxmaq mümkündü. Çünki Nəsimi poeziyasında dünyəvilik var, həyatında da dünyəvilik var. Şamaxıda anadan olmuş bir adam bütün Şərqi gəzir, nəhayət Suriyada işgəncə ilə öldürülür. Bu, insanların şüuraltında əzabkeş insan – şair assosiasıyası yaradır. Əqidəsindən dönməyən və əqidəsi yolunda işgəncələr görmüş insan obrazı canlanır. Bu əzabkeşlik, dar ağacından asılma, dərinin soyulması həm də İsa Məsih obrazı ilə paralellik təşkil edir. Bu mənada Nəsimini dünyada, Avropada, xristian dünyasında təbliğ etmək asandı və Nəsimi dünyada qəbul olunur. Düzdü, mən Şeyx Nizaminin də vurğunuyam, Füzulinin də vurğunuyam. Özü də Füzuli taun epidemiyası zamanı vəfat edib. Amma bunların heç biri Nəsimi qədər dünyəvi qəbul olunmur. Məncə, Nəsimini əzabkeşliyinə görə qəbul edirlər.
- Qayıdaq, ölkə içinə. Sizcə, bütün yayı koronavirusla döyüşməli olacağıq?
- Bu nə bəladı, hələ bilinmir. Hərə bir söz deyir. Bizim öhdəmizə düşən qaydalara əməl etməkdir. Mən daha çox “Evronyus” xəbərlərinə baxıram, çünki Azərbaycan televiziyasında da “çal-çağır”dı. Halbuki, məhz indi televiziyadan dərman qoxusu gəlməlidir və daha çox həkimlər, ağ xalatlar, maskalar görünməlidir. Gözümüz döyənək olub eyni müğənniləri görməkdən. Pandemiya dövründə müğənnilərə yox, alimlərə, təbiblərə ehtiyac var. Karantin günlərində müğənnilər ekrandan düşmədi, qadağaların sərt olduğu vaxtlarda da proqramlarda eyni üzləri gördük. Mənim üçün maraqlıdı ki, bu müğənnilərə küçəyə çıxmağa, saatlarla gəlib proqramlarda qonaq olmağa kim icazə verir? “SMS” icazə günlərində ancaq zəruri ehtiyaclar üçün - ərzaq almağa, marketə, xəstəxanaya, bir də yaxın adamın dəfnində iştirak etməyə icazə verilirdi. Bu müğənnilər hansı icazəni alıb verilişlərə gəlirdilər? Bu məsələ araşdırılmalıdır ki, kimdir qanunları pozan.