"Azərbaycanın mövqeyi bəllidir"


"Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz"


“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib. Lavrovun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”. 

Lavrovun bəyanatını şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağın “statusu” ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bunu Zəfər savaşı dönəmində dövlət başçısı qəti və net şəkildə ifadə edib:

“Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz. Rusiyada bu kimi fikirlərin səslənməsi sırf erməni ictimaiyyətinə hesablanıb. Kreml ondan üz döndərən Nikol Paşinyanın rəqiblərinin əlini gücləndirmək istəyir. Başqa sözlə erməni xalqına mesaj verirlər ki, əgər seçkidə ruspərəstlər qalib gələrsə, Qarabağ məsələsində Rusiya müəyyən addımlar ata bilər. Amma artıq gecdir və Moskvanın bu vədlərinin gerçək olmadığını hər kəs anlayır”.