Qarabağda tez-tez insident yaşanır

Ancaq Monitorinq Mərkəzinin nə bəyanatı, nə də reaksiyası gözə dəymir

Görünür bölgəyə daim havadan dronlar nəzarət edə bilmir


Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Suriya, Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində kompleks beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib. Müzakirələrdə Rusiya və Türkiyə Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəlib.

Münaqişə zonalarındakı gərginlik ocaqlarının aradan qaldırılmasına, atəşkəs rejimlərinin dayanıqlılığının dəstəklənməsi, habelə çoxtərəfli platformalarda səylərin koordinasiyası yolu ilə humanitar yardımın möhkəmləndirilməsi və qaçqınların qaytarılmasına yönəlmiş əlavə tədbirlər barədə fikir mübadiləsi aparılıb. Regionlarda sülhün və sabitliyin möhkəmləndirilməsinin hər dövlətin maraqlarına uyğun olduğu vurğulanıb. Qarabağda atəşkəs və hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzin fəaliyyəti də gözdən keçirilib və görüləcək işlərdən danışılıb. Məlumdur ki, hazırda Azərbaycan və Türkiyə ölkə başçıları səviyyəsində Qarabağda bərpa və restavrasiya işlərini planlaşdırmağa dair diskussiyalar gedir. İnfrastruktur və rekonstruksiya işləri ilə yanaşı, mədəni və tarixi abidələrin, həmçinin arxeoloji abidələrin bərpası da nəzərdən keçirilir. Xatırladaq ki, ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrov bölgədə Türkiyənin önəminə diqqət çəkmişdi. Lavrov vurğulamışdı ki, üçtərəfli diskussiyalarda Türkiyənin maraqları birmənalı şəkildə nəzərə alınır. Onun sözlərinə görə, əks halda bu cür kommunikasiyaların açılması maksimum effektiv olmayacaq. Lavrov həmçinin qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti faydalı və sabitləşdirici faktordur.

Moskva və Ankara arasındakı ikitərəfli müzakirələri “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Türkiyə-Rusiya müzakirələrinin və müəyyən anlaşmaların Azərbaycan üçün ancaq faydası ola bilər. Ekspertin sözlərinə görə, qardaş Türkiyə bütün məsələlərdə birmənalı şəkildə Azərbaycanı müdafiə edir:

“Ankaranın rəsmi Bakının maraqlarını müdafiəsi Rusiya qarşısında bizi daha da gücləndirir. Rəsmi Ankaranın regionda baş verən proseslərdə yaxından iştirakı Azərbaycanın xeyrinədir. Buna heç kimin şübhəsi yoxdur. Maraqlı məqam Ankara və Moskvanın hansı detallarla bağlı konsensusa gəlməsidir. Əslində iki ölkənin önəmli məqamlarda ortaq məxrəcə gəlməsi bir qədər çətindir. Elə proseslər var ki, tərəflərin hər ikisinin razı qalması mümkün olmur. Reallıq odur ki, rəsmi bəyanatlardan fərqli olaraq Kreml Türkiyənin regionda varlığını istəmir. Lakin son dönəmin reallıqları, Türkiyənin gücü və rəsmi Bakının Ankara ilə birlikdə hərəkət etməsi Moskvanın əl-qolunu bağlayır”.

Analitikin fikrincə, önəmli məsələlərdən biri də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlıdır:

“Mərkəzin yarandığı tarixdən, yəni yanvar ayının 30-dan bəri tutarlı fəaliyyətinin şahidi olmamışıq. Mərkəzin hansı işi, necə görməsi ilə bağlı məlumatlı deyilik. Rusiya sülhməramlılarının nəzarət etdiyi, eyni zamanda həmin bölgədən kənar ərazilərdə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində bir neçə insident yaşanıb. Erməni diversantlarla hərbçilərimiz arasında zaman-zaman toqquşmalar baş verib, ərazilərimizə mina basdırmağa cəhd ediblər və s. Ancaq yaşanan olaylarla bağlı Mərkəzin bəyanatı, reaksiyası olmayıb. Bundan sonrakı mərhələdə Türkiyənin regionda baş verən proseslərlə bağlı daha aktiv fazaya keçməsi Azərbaycan üçün olduqca önəmli amillərdən biridir. Hesab edirəm ki, qardaş Türkiyənin fəallığı daha da artacaq. Monitorinq Mərkəzinin nizamnaməsində qeyd olunur ki, bölgəyə daim havadan dronlarla nəzarət ediləcək. Görünür, tam nəzarəti həyata keçirmək hələ mümkün deyil. Belə çıxır ki, işğaldan azad edilmiş ərazilərimizdə və sərhəddə yaşanan insidentlərin arxasında məhz Rusiyanın özünün dayanması ehtimalı da böyükdür”.