Kremlin oyunları pozuldu

Paşinyan Rusiya və onun tərəfdarları üçün əsl təhlükəyə çevriləcək


Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərində ermənilər aksiya keçiriblər. Ermənilər Nikol Paşinyanı müharibəni uduzmaqda, kapitulyasiyaya imza atmaqda ittiham ediblər. Mitinqçilər Paşinyanı müharibə vaxtı yalan məlumat yaymaqda, məğlubiyyətlərə baxmayaraq, hər şeyin yaxşı olduğunu deməkdə suçlayıblar.

Qarabağa yerləşdirilən ermənilərin 8 aydan sonra, “qəfildən” ayılmaları təsadüfi deyil. Ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Qarabağ klanı”nın rüsvayçı məğlubiyyətə uğraması və Paşinyanı təbrik edən ilk şəxsin separatçı Araik Arutyunyan olması revanşist dairələri, o cümlədən Rusiyanın dəstəklədiyi Koçaryan qruplaşmasını hərəkətə keçirib. İndiki halda “Qarabağ klanı” yalnız Qarabağdakı ermənilərə ümid edir, orada başlatdıqları prosesləri daha sonra Ermənistana transfer etməyə çalışırlar. Bu arada erməni siyasi icmalçı Samvel Ohanesyan sosial şəbəkədə yazıb ki, Sarkisyan və Koçaryan Nikol Paşinyan kimi “zəif” sayılan rəqibi məğlub edə bilmədilər. Amma bu hələ başlanğıcdır. Onun fikrincə, quldur Robik və Serjik təslim olmaq fikrində deyillər: “Onların bu cür biabırçı uduzması onu göstərir ki, erməni xalqı quldurlardan, terrorçulardan bezib. İnsanlarımızın yadından çıxmayıb ki, bu iki quldurun hakimiyəti dövründə biznesi olanlar qazanclarının yarısını onlara verməli idilər. Orduda əsgərlər alçaldılırdı, “dedavşina” baş qaldırmışdı. Əsgərləri zorlayırdılar. Avropaya inteqrasiya cəhdləri batırılırdı. Amma biz gördük ki, hətta ölkənin ağır siyasi vəziyyətində belə bu quldurların spekulyasiya etmək cəhdləri heçə endi. Onlar özləri üçün ən əlverişli bir anda məğlub oldular. İndi Paşinyan Ermənistanın siyasi və iqtisadi dalandan çıxarılması üçün titanik işlər görməlidir. Amma quldur Robik və Serjik Paşinyana qarşı gizli şəkildə təxribatlar təşkil edəcəklər”. 

Seçkidə qalib olmuş Paşinyana qarşı təxribat iddialarını “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri Azər Qasımov bildirib ki, Ermənistanda keçirilən seçkilərin nəticəsi proqnozlaşdırıldığı kimi oldu. Politoloqun fikrincə, bunun öncədən bilinməsi heç də Paşinyanın şəxsiyyəti ilə əlaqəli deyil:

“Erməni cəmiyyəti müharibədən sonra yenidən eyni avantüraya getmək istəmədi və öz seçimini etdi. Paşinyanın üstün qələbəsi öz adamlarının yenidən hakimiyyətə gətirməyə çalışan Kremlin oyunlarını pozdu. Lakin bu, heç də Moskvanın oyunlarının bitdiyi anlamına gəlmir. Koçaryan və onun komandasının Paşinyan üçün hansısa təhlükələri ola bilər. Amma hesab edirəm ki, ciddi təhlükə olmayacaq. Əksinə, Paşinyan Rusiya və onun tərəfdarları üçün əsl təhlükəyə çevriləcək”. 

Partiya rəsmisi vurğulayıb ki, bu təhlükə heç də Paşinyanın Qərbə inteqrasiya etmək istəyi ilə bağlı deyil:

“Rusiya bunun qarşısını almaq üçün ciddi səy göstərmir. Kremlə görə əsas təhlükə erməni cəmiyyətinin böyük bir hissəsinin “Rusiyadan aralanmaq” haqqında düşünməyə başlamasıdır. Belə fikir Rusiya üçün qarşısıalınmaz problemlər yarada bilər. Ən ciddi problem isə rus ordusunun Ermənistandan çıxarılması tələbinin dilə gəlməsidir. Moskvanın niyyəti erməni cəmiyyətinin gözləntilərini, Paşinyana ümidlərini yox etməkdir. Çalışırlar ki, əhalinin gələcəyə ümidi qalmasın və düşünsünlər ki, Rusiyasız erməni cəmiyyətinin yaşaması, ayaqda qalması mümkünsüzdür. Fikrimcə, Azərbaycan Ermənistanda baş verən istənilən prosesdən qazanclı çıxacaq”.