Bütün yollar sülhə aparır

Üçtərəfli razılaşmanın icrası sürətlənəcək

Ceyhun Bayramovla Lavrov gələcək planlar barədə fikir mübadiləsi aparıblar


Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib. Bu xüsusda, üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Tərəflər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər. Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirəsini aparıblar. Sonda nazirlər xarici nazirliklər vasitəsi ilə gələcək əlaqələr barədə razılığa gəliblər. 

Nazirlərin telefon danışığını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Niftiyev bildirib ki, Rusiya-Azərbaycan xarici siyasət rəhbərlərinin indiki məqamda daha sıx təması və müzakirələri təbiidir. Analitikin sözlərinə görə, Ermənistandakı seçkilər ermənilərin gələcək müqəddəratı üçün önəmli olmaqla yanaşı, Qarabağ məsələsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı deməkdir:

“Koçaryan-Sarkisyan cütlüyü müharibə vaxtı ölkənin başında Nikol Paşinyanın durmasını əsas gətirərək yenidən hakimiyyəti ələ keçirmək istəyirdi. Arxalarında ciddi xarici dairələrin dayanmasına baxmayaraq, “Qarabağ klanı” seçkidə məğlubiyyətə uğradı. Artıq revanşistlərin tarixin arxivinə getdiyini söyləmək mümkündür. Amma Koçaryan və tərəfdarları məğlubiyyəti həzm edə bilmir. Xankəndidəki qarışıqlığın səbəbi də budur. Yeni dönəmdə Paşinyanın hansı rol alacağı məsələsi olduqca mühümdür. Paşinyan heç də asanlıqla proqnozlaşdırıla bilən bir şəxs deyil. Düşənbə görüşü zamanı Paşinyan Azərbaycan rəhbərliyinə müəyyən vədlər vermişdi. Bir müddət sonra söylədiklərindən imtina etdiyini açıqladı. Ziddiyyətli açıqlamalarını, davranışlarını saymaqla bitirmək olmaz. Amma mövcud reallıq tamamilə fərqlidir və mənzərə xeyli dəyişib”. 

Ekspertin fikrincə, Azərbaycanın Paşinyanı məcbur etmə təcrübəsi formalaşıb:

“Görünən odur ki, həm Paşinyan, həm də onun seçiciləri məğlubiyyətdən dərs çıxarıblar. Birmənalı proqnoz vermək çətin olsa da, Paşinyanın revanşist qüvvələrdən fərqli siyasət yeridəcəyi bəllidir. Paşinyana məhz ona görə səs verildi ki, erməni cəmiyyəti bölgəyə sülhün gəlməsində maraqlıdır. İşğalçılıq siyasəti Ermənistanı bütün regional layihələrdən kənar qoydu. Bu da erməni xalqının sosial-iqtisadi durumuna ciddi təsir göstərdi. Yeni dönəmdə Azərbaycan tərəfinin gözləntiləri odur ki, Ermənistanın yeni hökuməti sağlam addımlar atsın. 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərinin icra prosesi sürətlənsin. Gedişat tormozlanmasın. Rusiya ilə təmaslarda bu məqamlar müzakirə olunur. Üçtərəfli razılaşmaya imza atan və bir növ Ermənistanın himayəçisi kimi çıxış edən tərəf məhz Rusiyadır”.