Prezidentin mövqeyi prinsipial və qətiyyətlidir

Deputat: "İnanıram ki, növbəti günlərdə digər ərazilərin də mina xəritələrini əldə edəcəyik"

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüşü zamanı ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi barbarlıq aktlarını, dağıntılar və minalanmış ərazilərin xəritəsi barədə məlumat verib. Dövlət başçısı BMT-dən gələn ali qonağa bildirib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər: “Bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb.

Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu. O cümlədən bu ayın əvvəlində 2 jurnalist həyatını itirdi”. 

Ölkə rəhbəri vurğulayıb ki, Qarabağı təkcə müharibə dövründə deyil, ondan sonra da dağıdıblar: “Demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar”. Prezident ermənilərin bu dağıntıları hansı səbəbdən törətdiklərini də sadalayıb: “Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdı. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq”. Dövlət başçısı bütün resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başladıqlarını bildirib: “Biz onları yenidən quracağıq və bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”. 

İctimaiyyət nümayəndələri hesab edirlər ki, Prezidentin ermənilərin barbarlığını və minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı nüfuzlu qurumların rəhbərliyini məlumatlandırması mühüm və zəruridir. Avropa Şurası və digər beynəlxalq təşkilatların son günlər Ermənistana xəritələrlə əlaqədar çağırış etməsi bu cür görüş və müraciətlərin önəmindən xəbər verir. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, burada söhbət cənab Prezidentin prinsipial mövqeyindən gedir. Deputatın fikrincə, dövlət başçısı minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı hər zaman öz mövqeyini ortaya qoyub və dünya ictimaiyyətini xəbərdar edib:

“Bütün ali qonaqları qəbul edərkən, beynəlxalq görüşlər zamanı, o cümlədən telefonla danışarkən bu məsələ xüsusi ilə qaldırılır. Ölkə rəhbəri Ermənistanın minalanmış ərazilərin xəritələri ilə bağlı təhlükəli mövqeyini qətiyyətlə pisləyir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət xəritələrin digər hissəsinin də alınmasına gətirib çıxaracaq. Hazırda əlimizdə sadəcə Ağdamın xəritələri var. İnanıram ki, növbəti günlərdə digər ərazilərin də mina xəritələrini əldə edəcəyik”. Parlament üzvü vurğulayıb ki, Azərbaycanın Qarabağ məsələsində mövqeyi Vətən müharibəsində çox böyük rol oynadı: “Son vaxtlar bütün məsələlərdə dövlət başçısı cənab İlham Əliyevin prinsipial və qətiyyətli yanaşmasını müşahidə edirik. Dövlət başçısı şəxsən özü bütün mötəbər tədbirlərdə işğaldan azad edilmiş rayonlarla bağlı məqamlara toxunur. Erməni vəhşiliyini qabardır. Azərbaycana gələn mötəbər qonaqların işğaldan azad edilmiş bölgələrə səfərlərinin təşkil edilməsi də bu siyasətin tərkib hissəsidir”.