Bu iradə bizi zəfərdən zəfərə daşıyacaq


Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması böyük sevincə səbəb oldu

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü “Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi” yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

“Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli prezidentin sərəncamını yüksək dəyərləndirib. O qeyd edib ki, Silahlı Qüvvələr günü ərəfəsində Prezident İlham Əliyevin sərəncam imzalaması hərbçilərimizin daim ölkə rəhbərinin, dövlətin daim diqqət mərkəzində olduğunu, bu prosesin sistemli, ardıcıl bir şəkildə həyata keçirildiyini nümayiş etdirir:

"Məlum olduğu kimi, Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində olacaq. Qeyd edim ki, iyunun 24-də 76 min nəfərdən çox hərbçimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar. Onların və ailələrinin sevinc hissindən, düşünürəm ki, hər birimizə pay düşür. Qəhrəmanlarımızı xoşbəxt görəndə biz də xoşbəxt oluruq. Bu hissləri hər kəsdən öncə, şübhəsiz ki, Ali Baş Komandan yaşayır". 

E.Mirzəbəyli qeyd edib ki, Vətən müharibəsindən keçən 8 aya yaxın bir zaman kəsiyində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin onların yüksək vətənpərvərlik hissi, daşıdıqları mənəvi dəyərlər qədər, nümunə yaratması baxımından bəlkə də daha çox dəyəri olan təvazökarlıqlarının, şəhid analarının, atalarının, övladlarının, qardaş və bacılarının heyrət doğuran əzm və iradələrinin, qazilərimizin heç bir bədii mətnlə ifadə olunmayacaq mətinliyinin şahidi olmuşuq:

"Gözümüzün önündə bizi bundan sonra minillər boyu ayaqda saxlayacaq, bir millət, xalq olaraq mənəvi böyüklüyümüzün sərhədlərini bütün zamanların üstündən çəkəcək nümunələr yaranır. Şübhə etmirəm ki, bu əzm, bu iradə bizi zəfərdən zəfərə daşıyacaq, qarşımızdakı bütün maneələri aşmağımıza vəsilə olacaq!".