Telefon trafikləri ümidlər yaradıb

Üçtərəfli razılaşmanın icrası ilə bağlı konkret addımlar atılacaq

Ərdoğanla Putin Qarabağın tam həllinə dair son müzakirələrini aparıb

İyunun 24-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin rəsmi saytında dərc edilmiş məlumata görə, Putin Paşinyanı və onun “Vətəndaş Müqaviləsi” Partiyasını iyunun 20-də keçirilmiş parlament seçkisindəki qələbəsi münasibətilə təbrik edib, hökumətin təşkilində uğurlar arzulayıb. Rəhbərlər Dağlıq Qarabağla əlaqədar fikir mübadiləsi də aparıblar. Söhbət zamanı regionda stabilliyin bərqərar edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti vurğulanıb. Putin və Paşinyan şəxsi təmaslarını davam etdirəcəklərinə dair razılığa gəliblər. 

Paşinyanla təmasdan sonra Rusiya rəhbəri ilə Türkiyiə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı baş tutub. Liderlər Qarabağdakı vəziyyətlə bağlı son vəziyyəti müzakirə edib. Dövlət başçıları Rusiya-Türkiyə hərbçilərinin birgə fəaliyyətini müsbət qiymətləndiriblər. Hər iki lider bölgədəki iqtisadi inkişaf və nəqliyyat infrastrukturunun bərpası daxil olmaqla koordinasiyanı davam etdirməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, iki gün öncə Rusiya Prezidenti V.Putin Qarabağ ətrafında baş verənləri Azərbaycan dövlət başçısı İlham Əliyevlə müzakirə etmişdi. 

Bölgədə cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Rusiya prezidentinin Bakı və İrəvanla təmas qurandan sonra Türkiyə prezidenti ilə müzakirə aparması tərəflər arasında konkret addımların atılması ilə bağlı razılığa gəlindiyi qənaətini gücləndirir. Analitikin fikrincə, bunun nədən ibarət olduğu rəsmi informasiyalarda əksini tapıb. Söhbət üçtərəfli razılaşmaların icra edilməsindən gedir:

“Əsas müzakirə mövzusunun nə olduğu haqda ehtimal irəli sürmək üçün telefon trafikinin haradan başlandığına - Bakıya baxmaq lazımdır. Putinə dövlət başçısı İlham Əliyev zəng etdi, ardınca Moskvadan İrəvana zəng edildi. Bu, üç ehtimalı önə çıxarır. Birincisi, Bakı üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsində israrlıdır. Xüsusən, indiyə qədər icra edilməyən 4-cü bəndində, yəni erməni qoşunlarının Qarabağdan çıxarılması məsələsində tələbkardır. Ermənistanda seçkidən sonra gözlənilən də  bu idi. İkincisi, ölkə başçısı İlham Əliyevin zəngindən bir gün sonra Putinin Paşinyanla danışması Moskvanın Bakının istəyi ilə razılaşdığını göstərir. Üçüncüsü isə Putinin sonda Türkiyə lideri Ərdoğanla danışması Ermənistanın da “razlaşmaların tam icra edilməsinin vacibliyini” qəbul etdiyinə dəlalət edir. Eyni zamanda Rusiyanın proseslə bağlı bölgədə tərəf olaraq qəbul etdiyi Türkiyəni məlumatlandırdığı anlamına gəlir”.  

Ekspertin fikrincə, razılaşmalarla bağlı mövcud vəziyyət və mümkün gözləntilər də bu ehtimalları gücləndirir:

“Üçtərəfli razılaşmaların tam şəkildə icra edilməsindən bəhs edilirsə, yeganə irəliləyiş olmayan məsələ məhz erməni qoşunların çıxarılmasıdır. Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilə gündəmdədir və belə bir sənədin müzakirəyə çıxarılması üçün öncə üçtərəfli razılaşmaların bütün bəndləri üzrə ən azından müəyyən irəliləyiş olmalıdır. Putin-Ərdoğan müzakirəsində Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə toxunulması da erməni qoşunların çıxarılmasından sonra bölgədə vəziyyətin idarə olunması məsələsinin ələ alındığı fikrini önə çıxarır. Qarşıdakı dövrdə liderlərin təmaslarının intensivləşəcəyini görə bilərik. O da istisna deyil ki, növbəti dəfə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi Rusiya və Türkiyənin vasitəçiliyi ilə həyata keçiriləcək. Telefon trafikində müzakirə olunan əlavə məsələlərdən biri də bu ola bilər”.