Ermənistanın vəziyyəti ölkə hakimiyyətinin seçimlərindən asılı olacaq - Politoloq 

“2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən və Azərbaycanın mütləq qələbəsi ilə başa çatan 44 günlük müharibənin nəticələri regionun hazırkı durumu və gələcək perspektivləri ilə əlaqədar geostrateji mənzərəni aydınlaşdırır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. O qeyd edib ki, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycanın strateji təklif və təşəbbüsləri bölgədə dayanıqlı sülhün, etibarlı sabitlik və təhlükəsizliyin, o cümlədən çoxvektorlu əməkdaşlığın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir:

“Məğlub, iqtisadi tənəzzül və siyasi xaos içində olan Ermənistanın vəziyyəti isə bu ölkə hakimiyyətinin seçimlərindən asılı olacaq. Ermənistan 30 ilə yaxın müddət ərzində işğalçı siyasət həyata keçirməklə və təcavüzkar, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bütün regional layihələrdən kənarda qalıb. Həmçinin o bölgədə geosiyasi autsayderə çevrilib. Beynəlxalq münasibətlər sistemində heç bir təsir imkanları olmayan, müstəqil aktor kimi tanınmayan Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı imkanlardan faydalanmaqdır. Ona görə də bu ölkə yeni reallıqları nəzərə alaraq rasional və praqmatik yanaşma sərgiləməlidir”. 
Politoloqun sözlərinə görə, Ermənistan üçün indi əsas məsələ öz geosiyasi təfəkkürünü dəyişdirmək zərurətidir:

 “Yəni məğlub ölkə öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək düşüncəsi əsasında hərəkət etməlidir. Bu kontekstdə strateji nüanslar Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaq, delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdır. Ermənistan hakimiyyəti və siyasi ictimaiyyəti anlamalıdır ki, bu tarixi fürsət onlar üçün son şansdır”.