Peyvəndlənmə təhsildəki itkiləri bərpa etmək üçün hava-su kimi lazımdır - Partiya sədri 

“Əhali fürsəti düzgün dəyərləndirməli və vaxtında peyvənd olunmağa səy göstərməlidir. Çünki yalnız ölkə əhalisinin 70-80 faizdən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər”. 

Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 



Partiya təmsilçisi qeyd edib ki, əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və peyvənd vurduranlar hesabına yaranır: 

“Kütləvi peyvəndlənmənin həyata keçirilməsi və kütləvi immunirtetin yaradılması vacibdir. Bu, ilk növbədə normal həyata dönüşümüz üçün zəruridir. Eyni zamanda təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün hava-su kimi lazımdır. Çünki məhz “COVID-19” virusunun kütləvi yayılması səbəbindən dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də şagird və tələbələrin ənənəvi qaydada təhsili məhdudlaşıb. Digər sahələrdə də zaman-zaman, mərhələli şəkildə ciddi məhdudlaşdırmalar tətbiq edilib, qapanmalara gedilib. Bu da istər-istəməz iqtisadiyyatımıza xeyli ziyan vurub. Heç kimə sirr deyil ki, məhz “COVID-19” pandemiyası səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı. Dünyada milyonlarla insan iş yerini itirdi. Heç bir ölkə bu cür labüd itkilərdən özünü sığortalaya bilmədi. Ancaq indi kütləvi peyvəndlənmə prosesinə başlamaqla biz bu itkiləri minimuma endirə bilərik. Peyvənd olunmaqla perspektivdə iqtisadiyyatımıza dəyəcək ziyanların qarşısı hiss olunacaq dərəcədə alına bilər”. 

Ə.Hüseynova görə, kütləvi peyvəndlənmə eyni zamanda ölkəmizin mədəni həyatının da canlanmasına stimul verəcək, zəmin yaradacaq: 

“Ölkənin konsert zalları, kinoteatrları, teatr və sərgiləri, kitabxana və muzeyləri yenidən öz əvvəlki, ənənəvi iş rejiminə qayıtmaq imkanı əldə edəcək. İnsanların yaradıcılıq potensialı bərpa olunacaq, işgüzarlığı artacaq, gündəlik həyatda sosial aktivliyi öz əvvəlki tempinə qayıdacaq. Yeri gəlmişkən, hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunmuş şəxs var. Lakin bu yetərli nəticə sayıla bilməz. Peyvənd olunmaq istəyənlərin sayında artımı təmin etməliyik. Başa düşməliyik ki, peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən vəsaitlərin azaldılması üçün yeganə üsuldur. Bununla bərabər, həm də sağ qalmağımızın və doğmalarımızın, dostlarımızın, iş yoldaşlarımızın ölüm təhlükəsindən qorunmasının əsas vasitəsidir”.