Birgə təlimlərin siyasi əhəmiyyəti böyükdür

Bu regionda yolunu azan qüvvələrə bir mesajdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərdə mümkün qədər diqqətli, ehtiyatlı olsunlar

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və başqa texnikalar cəlb olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.

Həmçinin, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Bundan əvvəl, türk qoşunları ilə Azərbaycanın Naxçıvanda yerləşən hərbi bölmələri arasında birgə xüsusi taktiki təlimlər iyunun 21-dən 23-dək keçirilib. Eyni zamanda ötən günlərdə Azərbaycan hərbi pilotlarının iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi baş tutub. Təlimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra ediblər. Hər zaman olduğu kimi Türkiyə-Azərbaycan birgə təlimləri həm Ermənistan, həm də onun havadarları tərəfindən narahatlıq və isterika içində izlənilməkdədir. Erməni mediası qardaş Türkiyə ilə ortaq təlimləri yeni müharibə ehtimalı kimi dəyərləndirir, Zəngəzur bölgəsində yeni savaş ocağına hazırlıq getdiyini iddia edirlər. Revanşistlər hərbi təlimlərə diqqət çəkərək Rusiyanı daha “diqqətli” olmağa səsləyirlər. 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə deyib ki, Şuşa Bəyannaməsindən sonra ikinci birgə hərbi təlimlər keçirilir. Ekspertin sözlərinə görə, Türkiyədə keçirilən “Anadolu Qartalı-2021” və “Mustafa Kamal Atatürk-2021” hərbi təlimləri çox önəmlidir:

“Birgə hərbi təlimlərin sayı daha da çoxalacaq. Sadəcə qardaş Türkiyə ilə deyil, həm də Pakistanla birgə, üçlü təlimlər nəzərdə tutulur. Müdafiə Nazirliyinin məlumatına əsasən, sentyabr ayında üç ölkənin hərbi təlimləri keçiriləcək. Əlbəttə, birgə təlimlərin siyasi əhəmiyyəti də var. Təlimlər regionda yolunu azan qüvvələrə bir mesajdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərdə mümkün qədər diqqətli, ehtiyatlı olsunlar. Azərbaycan Ordusu 44 günlük savaşda ortaya çox gözəl bir nəticə qoydu. Təlimlərin özəlliyi həm də ondan ibarətdir ki, bu təlimlərdə döyüş qabiliyyətinin yeni elementləri sınaqdan keçirilir, müasir silah-sursatlar tətbiq olunur və s. Sentyabrda baş tutacaq üçtərəfli hərbi təlimlər sırf dağ şəraitində qoşunların birgə fəaliyyətini təmin etməkdir”. 
Ü.Cəfərov qeyd edib ki, birgə təlimlər heç kimə qarşı yönəlməyib: “Sırf döyüş qabiliyyətimizin artırılması ilə bağlı təlimlərdir. Məqsəd hərbçilərimizin döyüş ruhunu daha da yüksəltmək, bacarıqlarını inkişaf etdirməkdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan Ordusu öz gücünü artırmaq, silahlı qüvvələri inkişaf etdirmək üçün davamlı addımlar atacaq”.