Azərbaycan regionun lider ölkəsi kimi fəallığını qoruyur

Avropa İttifaqı ilə münasibətlər bundan sonra daha ciddi məzmun alacaq


Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni hərtərəfli saziş imzalamağa hazırdır. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, bu sazişlə bağlı tərəflər arasında danışıqlar 2017-ci ildə başlayıb: “Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Sənədin mətni artıq hazırdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmadığı üçün ticarətlə bağlı bəzi məsələlər açıq qalır. Mən sənədin imzalanmasının konkret müddətini deyə bilmərəm, amma bu saziş bizim münasibətlərimizi və iqtisadiyyatı daha da yaxşılaşdırmağa imkan verəcək”.

Yankauskas qeyd edib ki, Aİ Azərbaycanın ÜTT-yə üzv olmasını, eləcə də iqtisadi şaxələndirməni dəstəkləyir. Onun sözlərinə görə, bütün bunlardan başqa, Aİ ölkələrinin vətəndaşları üçün vizaların ləğv olunması Azərbaycana turist axınının artmasına xidmət edəcək. Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Ekspertlər xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir. Faktiki olaraq, Aİ hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq funksiyasını yerinə yetirir. Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Azərbaycan isə son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçib, müstəqil siyasətini daha da təkmilləşdirib. İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləyib. Nəticədə, bir tərəfdən, dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli olublar. Digər yandan Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başlayıblar. Bu məqamlar Aİ-Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir. 2020-ci ilin payızından Aİ-Azərbaycan münasibətlərində bir dönüş yarandı. Rəsmi Bakının Aİ ilə əlaqələri səmimi olaraq inkişaf etdirmək niyyəti haqqında rusiyalı ekspertlər də yazırlar. Məsələn, Vladimir Avatkov Azərbaycanın xarici siyasətinin prioritetlərinə həsr edilmiş təhlili məqaləsində vurğulayır ki, Bakı Aİ ilə əlaqələri fraqmentar deyil, kurs olaraq davamlı surətdə inkişaf etdirməkdədir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında keçirilən görüşlərdə rəsmi Bakının konkret layihələr üzrə təkliflər verməsi maraqlıdır. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi üçün Aİ ilə əlaqələr xarici siyasətin prioritetləri sırasına daxildir. Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, 164  ölkənin təmsil olunduğu Umumdünya Ticarət Təşkilatına üzv qəbul olunmaq üçün daha 24 ölkə danışıqları davam etdirir. Analitik vurğulayıb ki, Azərbaycan ÜTT ilə münasibətləri tənzimləyən təklifləri və saziş layihəsini katibliyə təqdim edib:

“Təşkilata üzvlük 1997-ci ildən gündəmdə olsa da, artıq proses yekunlaşmaq üzrədir. ÜTT üzvlərinin üçdə iki hissəsinin zəif inkişaf etmiş və geridə qalmış ölkələrdən ibarət olması bizim üçün daha geniş imkanlar yaradır. Bu ölkələrə maneəsiz investisiya yatırmaq imkanı əldə etmiş oluruq. Quruma üzvlük həm də Azərbaycanın Avropa İttifaqı ilə hərtərəfli sazişin imzalanmasını tezləşdirəcək. Hər iki istiaqamətdə aparılan danışıqlar və əməli tədbirlər payız aylarında konkret nəticələr verə bilər. Avropa İttifaqı ilə hərtərəfli sazişin imzalanması sadələşdirilmiş vizanın tətbiq edilməsi ilə nəticələnəcək. Bu da ilk növbədə turizm sahəsinin artan dinamika üzrə inkişafına təsir edəcək. Azərbaycan turizim üçün çox əlverişli ölkə olması ilə yanaşı, bu sahəyə daha müasir standartlara uyğun xidmət sahələri qurmaq imkanları var və zəngin Azərbaycanın bu ittifaqa üzvlüyü Avropa ölkələrinin marağındadır”.