Zəngəzurda tikilən bunkerlərin heç bir mənası yoxdur

"44 günlük Vətən müharibəsi  zamanı ordumuz tərəfindən ermənilərin bunkerləri, o cümlədən də bir çox hərbi məntəqələri darmadağın edildi"


44 günlük Vətən müharibəsindən sonra ermənilərin işğal etdikləri ərazilərimizdə bir sıra bunkerlər tikdiklərinin şahidi olduq. Ötən gün erməni mediasında ermənilərin Zəngəzurda  yeni bunkerlər tikdikləri barədə məlumat yayılıb. İlk olaraq qeyd edək ki, bunkerlər bir vaxtlar düşmən qüvvələrinə atəş etmək üçün hazırlanmış kifayət qədər təsirli bir gizlətmə vasitəsi olub. Əsas döyüş vəzifəsi qarşı tərəfə mümkün qədər çox itki yaşatmaq, eyni zamanda bunkerin özünü toxunulmaz və təhlükəsiz saxlamaq idi. Bunkerlərin tikintisində əsasən ağac və daşlardan istifadə olunur. Ekspertlər hesab edir ki, bu gün bunkerlərin heç bir önəmi qalmayıb. Xüsusən 44 günlük Vətən müharibəsində Füzulidə düşmənin on metrlərlə dərininə inşa edilən bunkerlərinin darmadağın edilməsi də bunun sübutudur. Bəs Ermənistan nəyə görə hazırda bunker inşa edir?

Sualımızı cavablandıran siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, ermənilər bundan öncə də  27 il müddətində işğal etdikləri Qarabağ ərazisində müxtəlif tipli bunkerlər tikmişdilər. O qeyd edib ki, bu bunkerlər Azərbaycan Silahlı Qüvvələrinin qarşısını ala bilmədi:

"Bu tipli bunkerlərin əsas məqsədi adətən müharibə sonrası ərazidə gerilla müharibələri zamanı istifadə olunur. Yəni onlar ərazidə bərpa prosesinin ləngidilməsi istiqamətində pozucu fəaliyyətlər üçün burada qalan yerli və ya separatçı qrupların istifadəsi üçün nəzərdə tutulur. Ancaq qeyd edək ki, 44 günlük Vətən müharibəsi  zamanı ordumuz tərəfindən ermənilərin bunkerləri, o cümlədən də bir çox hərbi məntəqələri darmadağın edildi. Yəni nəticə etibarilə biz gördük ki, bunkerlər ordumuzun qarşısını ala bilmədi. Bəli, bu gün ermənilərin Zəngəzurda da bənzər şəkildə bunkerlər tikdikləri ehtimalı var.  Hesab edirəm ki, bu tipli xəbərlərin çıxmağında  əsas məqsəd Ermənistan öz daxilində Zəngəzurun növbəti hədəf olduğu təəssüratını yaratmaq istəyir". 

T.Rzayev əlavə edib ki, Azərbaycan bütün qonşularının, o cümlədən də Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

Ermənilərin bu tipli təşviş yaratmaqları isə mənasızdır. Yəni bu, ilk növbədə özləri üçün ziyandır. Həmçinin bu tipli bunkerlər onsuz da Qarabağ müharibəsində effektiv olmadığını sübut elədi.  Əgər yenidən müharibə başlayarsa, bunkerlər erməniləri qoruyası deyil. Ümumiyyətlə, bu taktika müasir döyüş doktorinalarında da öz əksini tapmayıb".