Politoloq: "Böyük ehtimalla Taliban Əfqanıstanda nəzarəti ələ keçirəcək" - 

ABŞ Tacikistan, Qazaxıstan və Özbəkistandan amerikalılara kömək edən Əfqanıstan sakinlərinə müvəqqəti sığınacaq verilməsini xahiş edib. Bu məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkələri razılıq verəcəyi halda onların ərazisində 9 min əfqan yerləşdiriləcək. Agentlik Vaşinqtonun, həmçinin Tacikistan və Özbəkistan ərazisindən Əfqanıstanda kəşfiyyat əməliyyatları aparmaq üçün istifadə etməyi müzakirə etdiyini bildirib. Hazırda ölkələrin müvafiq razılaşmanın detallarını müzakirə etdiyi vurğulanıb.
 Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Turab Rzayev deyib ki, Amerikanın bu addımı başa düşüləndir. O qeyd edib ki, burda böyük ehtimalla söhbət Amerika ordusu və hökuməti ilə işləyən, onların maraqlarına uyğun addım atan və ya onların maraqlarına uyğun addım atıb Əfqanıstanda hakimiyyətə iddialı olan digər qüvvələrə, xüsusilə də Talibana qarşı çıxış edən şəxslərdən gedir. Böyük ehtimal həmin insanların və onların ailələrini ABŞ Əfqanıstandan Orta Asiyaya köçürmək istəyir. Təbii ki, burada sonra hansısa siyasi proseslərin baş verməsi mümkündür. Çünki bilirsiniz ki, Əfqanıstan əhalisi qarmarışıqdır. Əhali əsasən puştunlardan, özbəklərdən, türkmənlərdən və s.ibarətdir. Yəni əhalinin etnik quruluşu var”.

Politoloq hesab edir ki, böyük ehtimalla həmin insanlar ABŞ-la əməkdaşlıq edib: “Amerika ordusu oranı tərk edərkən həmin insanların  Əfqanıstanda həyatı təhlükəsi ola bilər. Məsələn, Taliban onları edam edə bilər və çox pis şəkildə cəzalandıra bilər. Düşünürəm ki, böyük ehtimalla ABŞ həmin insanları etnik qrupa uyğun olaraq Orta Asiyada yerləşməsinə şərait yaradacaq. Sual yarana bilər ki, bəs gələcəkdə bu problem yarada bilərmi? Təbii ki, bu gələcəkdə Əfqanıstanda hakim olacaq qüvvələrin siyasətindən asılıdır. Mən düşünürəm ki, böyük ehtimal Taliban Əfqanıstanda kontrolu ələ keçirəcək. Həmçinin ola bilsin ki, Taliban gələcəkdə o insanları onlara qarşı hansısa cinayətdə iştirak edibsə, məsələn,  xüsusi Taliban üzvlərinin öldürülməsində iştirak edibsə, və ya çox əhəmiyyətli məlumatı NATO qüvvələrinə ötürübsə, bunun nəticəsində Taliban çox böyük zərər çəkibsə, ola bilsin həmin şəxsləri geri istəyə bilər. Yaxud da həmin şəxslərə görə ölkələrə onlara sahiblənən ölkələrlə müıəyyən problemləri ola bilər. Yəni istənilən hal gözləniləndir”.