Reytinqimiz yüksəlir

Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız səfər edə bilərlər

Azərbaycanın mövqelərinin ilbəil yaxşılaşması hökumətin pasportumuzun mövqeyini gücləndirməyi hədəf aldığını göstərir


Beynəlxalq “Henley&Partners” konsaltinq şirkətinin Pasport İndeksində bildirilir ki, Azərbaycan vətəndaşlarının 68 ölkəni ziyarət etməsi üçün vizaya ehtiyacı yoxdur. Şirkətin hazırladığı hesabatda ümumilikdə 116 ölkə yer alıb. Hazırlanan hesabatda ilk yerdə Yaponiya qərarlaşıb. Belə ki, bu ölkənin vətəndaşları dünyanın 193 ölkəsinə vizasız gedə bilər. İlk onluqda Sinqapur (192 ölkə), Cənubi Koreya (191 ölkə), Almaniya (191 ölkə), İtaliya (190 ölkə), Finlandiya (190 ölkə), İspaniya (190 ölkə), Lüksemburq (190 ölkə), Danimarka (189 ölkə) və Avstriya (189 ölkə) ölkələridir. Azərbaycan isə Pasportlar İndeksində 80-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız səfər edə bilərlər. Qonşu ölkələrdən Türkiyə 56-cı (111 ölkə), Rusiya 51-ci (119 ölkə), Ermənistan 84-cü (64 ölkə), Gürcüstan 54-cü yerdə (116 ölkə) qərarlaşıb. Siyahıda sonuncu yerdə Əfqanıstandır. Bu ölkənin vətəndaşları 26 ölkəyə vizasız getmək imkanına malikdirlər.

Göründüyü kimi, ötən ildə olduğu kimi, bu il də yapon pasportu indeksdə hələ də birinci yerdədir, yəni xarici vətəndaşların Yaponiyaya girişinə qoyulan qadağaya baxmayaraq, dünyanın 193 ölkəsinin sərhədləri Yaponiya vətəndaşları üçün açıqdır. Qeyd edək ki, Pasport İndeksi beynəlxalq münasibətləri və ölkələrin dünya arenasındakı vəziyyətini əks etdirən, vətəndaşların sərbəst hərəkət etmə azadlığı baxımından ölkələrin ilk beynəlxalq reytinqidir. 2018-ci ildən bəri ölkələrin vizasız rejimindəki dəyişikliklər barədə operativ məlumat vermək üçün Pasport İndeksi hər rübdə bir dəfə yenilənir.

Mövzu ilə bağlı Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri, fəlsəfə doktoru Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, reytinqi tərtib edərkən dünya vətəndaşlığı indeksinin müəllifləri hər biri bir insanın həyatına təsir edən bir çox faktoru nəzərə alıblar. O qeyd edib ki, bunlardan daxili və xarici olaraq bölünə bilən yeddi faktor müəyyən edilib:

"Birinci qrupa iqtisadiyyatın miqyası, insan inkişafı, ictimai asayiş və sabitlik, ikincisinə, yaşayış və turizm üçün mövcud olan ölkələrin sayı, eləcə də inkişaf səviyyəsi daxildir”.

A.Allahverənov qeyd edib ki, Azərbaycan üçün bu göstərici normal sayılır:

"Artıq  bəlli məsələdir ki, bu gün Azərbaycan vətəndaşlarının 68 ölkəyə ziyarət etməsi üçün vizaya ehtiyacı yoxdur. Əslində orda 68 ölkə deyiləndə iki komponent nəzərdə tutulur. Birincisi, 32 ölkəyə ümumiyyətlə, viza tələb olunmur. Amma 36 ölkədə viza daxil olanda verilir. Keçən il bu göstərici 66 olub, ondan əvvəlki ildə isə 64 olub. Yəni nəticə etibarilə ölkələrin sayı artıb və təbii ki, bu, yaxşı göstəricidir. O ki qaldı 80-ci yerdə qərarlaşma, burda indi bir məsələ var. Baxır buna hansı kontekstdə yanaşırıq. Məsələn, burda göstərilir ki, bu qiymətləndirmə 116 ölkə arasında aparılıb. Təbii ki, burada qiymətləndirmə bir sıra meyarlar əsasında aparılır. Orda ola bilsin ki, yerdəyişmələr olsun.  "Henley&Partners” konsaltinq şirkətinin apardığı bütün ölkələr üzrə qiymətləndirmədə bir sıra ölkələr iştirak etməmiş də ola bilər. Çünki bilirsiniz ki, pandemiya baş verdi və ölkələr sərhədlərini indi də qismən bağlayıblar. Burda bir nüans da var. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında yeni nəsil şəxsiyyət vəsiqəsi ilə  gediş-gəliş mümkün olacaq. Artıq səhərisi günü digər ölkələrlə də bu cür gediş-gəliş mümkün olarsa, o zaman təbii ki, pasport reytinqinə hardasa müəyyən mənada təsir göstərə bilər. Çünki tək buna Azərbaycan deyil, digər ölkələr də gedir. Yəni nəticə etibarilə ümumi vətəndaşlıq pasportları hansısa pozisiyalarda öz mövqelərini şəxsiyyət vəsiqələrinin hesabına uduza bilər. Təbii ki, bu da reytinqdə öz təsirini göstərən bir haldır. İstənilən halda bu çox interaktiv bir qiymətləndirmədir".
Mütəxəssisin fikrincə, bu gün pasportlarının “gücü” ilə maraqlanan ölkələr arasında yüksək göstərici hüququ üçün bir növ rəqabət gedir: "Bu səbəbdən ilk üç və ilk beş lider davamlı olaraq dəyişir. Ölkəmiz hələ bu yarışda iştirak etmir, lakin buna baxmayaraq, Azərbaycanın mövqelərinin ilbəil yaxşılaşması hökumətin pasportumuzun mövqeyini gücləndirməyi hədəf aldığını göstərir. Çalışırıq ki, vətəndaşlarımızın vizasız daxil ola biləcəyi və ya onları almaq üçün sadələşdirilmiş sistemdən istifadə edə biləcəyi ölkələrin sayı çox olsun”.