Paşinyanın sonrakı hədəfləri bəlli olur

Ermənistanda referendumun keçirilməsi mümkündür

Bir müddət sonra prezident üsul-idarəsinə keçid məsələsi müzakirə olunacaq


Ötən ay Ermənistanda keçirilən qalmaqallı növbədənkənar parlament seçkilərindən sonra İrəvanda “suların durulacağı” gözlənilsə də, hələlik bu ölkədəki siyasi sistem qeyri-sabit qalmaqdadır. Yerli media Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın yenidən xalqın etimadını qazanaraq ölkəyə rəhbərlik etməsini onda özünəinam hissini artırdığını yazır. Təhlilçilər hətta Ermənistanın siyasi sistemində fundamental dəyişikliklərin olacağını da proqnozlaşdırırlar. Məsələn, “Fakt” qəzeti xalqı seçkilərlə əlaqədar daha bir ciddi sınağın gözlədiyini iddia edib. Erməni nəşri bununla bağlı dərc olunan məqalədə xatırladıb ki, hələ ötən il Konstitusiyaya Dəyişikliklər üzrə Peşəkar Komissiyanın ilk iclası keçirilmişdi. Konstitusiya dəyişiklikləri konsepsiyasının 2020-ci ilin payızına qədər hazır olması və bundan sonra ictimai müzakirəyə çıxarılması düşünülürdü.

Ancaq 44 günlük müharibə səbəbiylə komissiyanın işi dayandırıldı. Məqalədə qeyd edilir ki, hazırda səlahiyyətlilər konstitusiya dəyişikliklərinə yenidən qayıtmaq niyyətindədir: “Söhbət demək olar ki, yeni bir konstitusiyanın yazılmasından, dərin, köklü dəyişikliklərdən gedir. Xüsusilə bu dəyişikliklər hökumət modelinin yenilənməsinə aiddir, yəni yarıprezident idarəetmə sistemi ilə bağlıdır”. Yazıda həmçinin iddia olunub ki, bu günlərdə qeyri-rəsmi səviyyədə səlahiyyətlilərlə işləyən hüquqşünaslar məsələnin ətraflı araşdırılması ilə məşğuldur. Paşinyan bu ilin sonuna qədər konstitusiya referendumu keçirmək niyyətindədir. Lakin bu, faktiki olaraq mümkün görünmür: “Buna görə də hazırda referendumun 2022-ci ilin yazından gec olmayaraq keçirilməsinin mümkünlüyü müzakirə olunur. Hazırda səlahiyyətlilər arasında yarı prezidentliyə deyil, tam hüquqlu prezident idarəetmə modelinə keçməyə çağıranlar var. Əgər səlahiyyətlilər referendumu göstərilən müddətdə keçirməyi və konstitusiya dəyişikliklərini reallaşdırmağı bacarsalar, o zaman böyük ehtimalla gələn il ölkəmizdə yeni seçki marafonu baş tutacaq. Marafon bu dəfə prezident seçkiləri ilə bağlı olacaq”.

Ermənistanda baş verənləri “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə sovet totalitarizmini yenidən bərpa etməyə başlayıb. Analitik xatırladıb ki, Paşinyanın Konstitusiya Məhkəməsinə qarşı hücumları tədricən başqa sahələrə də sirayət edib. Nəticədə Ermənistanda misli görünməmiş avtoritar idarə üsulu formalaşmağa başlayıb:

“Bunların fonunda Paşinyanın yaxın ətrafından hazırkı siyasi sistemin dəyişməsi ilə bağlı dəfələrlə mesajlar eşitmişik. Ümumiyyətlə, həm erməni ictimai rəyinin nəbzini ölçmək, həm də Ermənistandakı müxalif siyasi qüvvələri neytrallaşdırmaq üçün dəfələrlə bu tip açıqlamalar verilib. Paşinyan komandasının növbədənkənar parlament seçkisindən sonra yeni referendumun keçirilmə ehtimalından danışılıb. Nəzərə alaq ki, Ermənistan Prezidenti Armen Sarkisyanla Paşinyanın münasibətləri o qədər yaxşı deyil. Bu baxımdan öz hakimiyyətini gücləndirmək və qərarvermə müstəvisində daha kövrək olan baş nazirlik institutunun yerinə prezident üsul-idarəsini möhkəmləndirmək Paşinyanın sonrakı hədəfləri içində yer ala bilər. Xüsusən, növbədənkənar parlament seçkisində qələbədən sonra Paşinyanın özünə və tərəfdarlarına inamı artıb. Ermənistanda referendumun keçilməsi mümkündür. Bir müddət sonra prezident üsul-idarəsinə keçid məsələsi müzakirə olunacaq. Prezidentlik üsul-idarəsi isə Paşinyanın diktaturasına yönəlmiş bir addım olacaq. Referendumun keçirilməsi növbəti parlament və prezident seçkilərində Paşinyanın əlini qüvvətləndirməyə xidmət edir. Ermənistan normal və müstəqil ölkə olmadığı üçün orada hər bir iddianın gələcəkdə reallaşma ehtimalı böyükdür”.