"Taliban" Əfqanıstanı nəzarətə alır"


"Bu, Mərkəzi Asiya və dünyada yeni geosiyasi, geostrateji reallıqların yaranmasına səbəb olacaq"

Əfqanıstan ordusunun yüzlərlə hərbçisi ölkənin şimalında yerləşən Künduz vilayətində “Taliban”a müqavimət göstərməkdən imtina edərək təslim olublar. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Qəzet yazır ki, bu, ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan ordusunun sıralarında ən böyük seyrəlmədir. Həmçinin qeyd olunur ki, təslim olan hərbçilər əsasən ABŞ istehsalı olan qiymətli silah-sursatı “Talibana”a təhvil veriblər. Ordu üzvləri “Taliban” tərəfindən başqa əraziyə aparılıb. Onların təhlükəsizliyi vilayəti tərk etməmək şərti ilə təmin olunacaq. Əfqanıstanda hansı proseslər baş verir?

 "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov Əfqanıstanda hansı proseslərin baş verməsi  barədə "Şərq"ə açıqlamasında deyib ki, qısa vaxtda "Taliban" Əfqanıstanı tam nəzarətə alacaq:

"ABŞ Prezidenti Co Bayden ABŞ və NATO qoşunları tərəfindən 20 ildir işğal edilmiş Əfqanıstandan çıxmaq barədə qərar qəbul edir və dərhal qərarın icrasına başlanılır. Bu qərarın ardından 2000-ci illərin əvvəllərindən hakimiyyətini itirmiş "Taliban" silahlı qruplaşması yenidən aktivləşdi və sürətlə ölkənin fərqli əyalətlərini nəzarəti altına keçirirdi. "Taliban" silahlı qruplaşması ilk addım olaraq Əfqanıstanın qonşu dövlətlərlə sərhəd qapılarını tutmağa başladı. Yüzminlərlə əfqan qaçqın başqa ölkələrə getmək məcburiyyətində qaldı. Daha sonra "Taliban"ın Qətərdəki siyasi ofisinin rəhbəri Molla Abdulla Qani Baradarın başçılıq etdiyi nümayəndə heyəti öncə İrana, onun ardından isə 10 iyulda Moskvaya səfər etdi. Şübhəsiz ki, hər iki ölkəyə səfərin xüsusi önəmi vardı. Bir tərəfdə "Taliban"dan qaçan minlərlə əfqan qaçqının yerləşdiyi İran, digər tərəfdə Əfqanıstanın sərhəd olduğu və Rusiyanın "çətir"i altında olan KTMT-yə üzv olan ölkələr Əfqanıstanla həmsərhəd olan Tacikistan və çox yaxın məsafədə olan Qırğızıstanın KTMT-nin üzvü olması Moskvanı hərəkətə keçirtdi. "Taliban" rəhbərliyi isə qarşılıqlı şəkildə təminat almaq üçün Moskvaya gedib Rusiya rəsmiləri ilə görüşmək məcburiyyətində qaldı".

"Taliban"ın qısa müddətdə Əfqanıstanın qonşu ölkələrlə sərhədini nəzarətə götürdüyünü vurğulayan Samir Hümbətov bildirib ki, bu dövlətlər arasında Çin və Hindistan da var:

"Ona görə də Çinin narahatlığı başadüşüləndir. "Taliban"ın Əfqanıstanda sürətlə ölkəni nəzarətə götürdüyünü görən Çin "Taliban" rəhbəri Molla Abdulla Qani Baradarın başçılıq etdiyi nümayəndə heyətini ölkəsinə dəvət etdi. Bu il iyulun 28-də Çin XİN başçısı Vanq Yi "Taliban" rəhbəri Molla Abdulla Qani Baradar ilə görüşüb. Tərəflər arasında gələcək Çin-Əfqanıstan əlaqələri müzakirə edilib. Bu da Çinin "Taliban"ı Əfqanıstanın gələcək iqtidarı kimi qəbul etdiyi anlamına gələ bilər. Qonşu dövlətlər tərəfindən atılan bu addımlar və "Taliban"ın sürətlə ölkəni ələ keçirməsi isə mövcud hakimiyyət daxilində ciddi narahatlığa və ruh düşkünlüyünə səbəb olur. Nəticədə Silahlı Qüvvələrin şəxsi heyəti "Taliban"la döyüşməyin mənasız olduğunu anlayıb təslim olmağa başlayırlar. Hesab edirəm ki, 80-85 faiz əraziyə nəzarəti ələ alan "Taliban" silahlı qruplaşması Əfqanıstanı bütövlükdə ələ keçirəcək. Bu isə Mərkəzi Asiya və dünyada yeni geosiyasi, geostrateji reallıqların yaranmasına səbəb olacaq".