Əfqanıstanın Herat şəhərində 16 min azərbaycanlı yaşayır

Onlar Azərbaycan dövlətinə müraciət ediblər ki, onları yenidən Qarabağa köçürsünlər

"Azərbaycan dövləti əfqan azərbaycanlılarının səsinə reaksiya verməlidir"

“Taliban” Əfqanıstan həbsxanalarındakı siyasi məhbusların azad edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə "Taliban" sözçüsü Qari Yusif Əhmədi bildirib. Qeyd edək ki, bundan öncə də "Taliban"ın İŞİD terrorçularını azadlığa buraxdığı məlumatları yayılmışdı. Ümumiyyətlə, həbsdə olan terrorçuların buraxılması yenidən həmin qruplaşmaların aktivləşməsinə səbəb ola bilərmi?

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, "Taliban"ın Əfqanıstanın idarəçiliyini ələ keçirdiyi halda ilk olaraq həbsxanaları açacağı məlum idi. Politoloq qeyd edib ki, həbsxanada olan insanların, o cümlədən, İŞİD üzvlərinin də arasında olduğu və terrorçu hesab edilənlərin azadlığa buraxılması çox böyük təhlükə mənbəyidir:

"Təbii ki, bu hadisə bir sıra cinayət əməllərinin törədilməsinə münbit şərait yaradır. Terrorçuluqla günahlandırılanların azadlığa çıxması isə xüsusilə təhlükəlidir. Əfqanıstanda təhlükəsizlik orqanları hazırkı durumda demək olar ki, yox səviyyəsindədir. Belə olduğu bir şəraitdə cinayətkar qrupların təhlükə yaradacağı çox böyük ehtimalla mümkündür. "Taliban" rəhbərliyinin ölkənin idarəçisi kimi bunun qarşısını almaq üçün tədbirlər görəcəyi şübhəsizdir. Amma hesab etmək olar ki, uzun müddət ərzində ölkədə kriminogen durumun gərgin olacağı gözləniləndir. Hesab edirəm ki, "Taliban" dünya ictimaiyyətinin diqqətinin onların üzərində olduğunu nəzərə alıb, tez bir zamanda ölkəni stabil vəziyyətə gətirməyə çalışacaq, xüsusən də onlara düşmən qüvvələrin, "Taliban" hərəkatını vəhşi və qəddar terrorçu qrup kimi fikir formalaşdırmağa çalışdığı bir şəraitdə".

A.Qasımov diqqətə çatdırıb ki, hazırda Əfqanıstanda ölkədən qaçmağa çalışan insanlar arasında Azərbaycan əsillilər də var: "Böyüklüyünə görə Əfqanıstanın üçüncü böyük şəhəri olan İran sərhədindəki Herat şəhərində 16 min azərbaycanlı yaşayır. Bu azərbaycanlılar Nadir şahın dövründə Qarabağdan ora köçürülən Qızılbaşlardır. Azərbaycan dövlətinə müraciət ediblər ki, onları yenidən Qarabağa köçürsünlər. Fikrimcə, Azərbaycan dövləti əfqan azərbaycanlılarının səsinə reaksiya verməlidir".