Dörd türk general zatən Azərbaycanda idi

Onlarla bağlı qərar isə Türkiyənin Yüksək Hərbi Şurasında avqust ayında verilib. Mətbuat bu barədə yazmamışdı deyə, informasiya yayılmamışdı

"Biz işimizi görürük, hansısa dövlətin panikaya düşməsi bizi maraqlandırmır. Silahlı Qüvvələrimiz qardaş Türkiyənin dəstəyi ilə bütün vəzifələrin öhdəsindən layiqincə gələcək"


Ötən ayın sonu Türkiyədə Yüksək Hərbi Şuranın toplantısında qardaş ölkənin Silahlı Qüvvələrini Bakıda təmsil edəcək generalların adları açıqlanıb. Hərbi Şuranın qərarına əsasən, Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib. Söhbət generallar - Bahtiyar Ersay, Abdullah Katırçı, Ender Güner və Zekeriyyə Yalçından gedir. Deyilənə görə, Bahtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilib. General Abdullah Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner isə Komandanlığın qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi attaşesi də dəyişib. Yeni hərbi attaşe general Zekeriyyə Yalçın təyin olunub. Təyinatlılar arasında general Ersay xüsusilə diqqət çəkir. Məlumatlara görə, müharibə dövründə general tez-tez Azərbaycanda olub. Yeni təyinatlarla yanaşı, Azərbaycan-Türkiyə hərbi təlimlərinin intensivləşməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ilk təlim və təlimin məhz Laçında keçirilməsi diqqət çəkən məqamlardır. Məlumat üçün onu da qeyd edək ki, Xüsusi Komandanlıq Qrupu yeni qurum deyil. Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir, lakin bu günə qədər aşağı rütbəli zabitlərlə təmsil olunub. Azərbaycan və Türkiyə son vaxtlar bütün sahələrdə əməkdaşlığı gücləndirib və yeni səviyyəyə qaldırıb. Buna ən bariz nümunə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsidir. Bu kontekstdə Xüsusi Komandanlıq Qrupunun güclənməsini ölkələr arasında hərbi-texniki əlaqələrin məntiqi inkişafı hesab etmək olar. 

Təyinatlarla bağlı “Şərq”ə danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, adı çəkilən generalların bəziləri uzun müddətdir Azərbaycanda fəaliyyət göstərirlər. Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu daha da modernləşdirilir və Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid edir:

“Ali Baş Komandan bu barədə öz fikirlərini bir neçə dəfə söyləyib. Qeyd olunub ki, ordumuz Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılacaq. İndiyədək bu istiqamətdə ordumuzda mühüm işlər görülüb və görülməkdə davam edir. Yeni ştatlar yaradılır, önəmsiz ştatlar ixtisar olunur, birləşdirmələr həyata keçirilir. Mediada adları açıqlanan dörd general onsuz da Azərbaycanda idi. Onlarla bağlı qərar isə Türkiyənin Yüksək Hərbi Şurasında avqust ayında verilib. Mətbuat bu barədə yazmamışdı deyə, informasiya yayılmamışdı”. 

Ü.Cəfərov vurğulayıb ki, generallarla bağlı məlumat Ermənistanda və onun havadarlarında narahatlığa səbəb olub:

“Biz işimizi görürük, hansısa dövlətin panikaya düşməsi bizi maraqlandırmır. Silahlı Qüvvələrimiz qardaş Türkiyənin dəstəyi ilə bütün vəzifələrin öhdəsindən layiqincə gələcək. Öz məqsədlərimizə çatmaq üçün qətiyyətlə irəliyə gedəcəyik. 2022-ci il üçün dövlət büdcəsindən müdafiə xərclərinə 4,5 milyard manat ayrılması nəzərdə tutulur. Bu, çox böyük vəsaitdir və yeni silah-sursatın, müasir hərbi texnikaların alınmasına, şəxsi heyətin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına sərf olunacaq. Azərbaycan ordusu inkişaf yolundadır. Silahlı Qüvvələrimizlə bağlı bundan sonra ancaq xoş xəbərləri eşidəcəyik”.