Pərdəarxası ciddi mübarizə gedir


Təkcə Rusiya deyil, eyni zamanda Fransa və ABŞ da regionda qalmağın yolu kimi münaqişənin davamını istəyirlər

"Böyük ehtimalla yaxın vaxtlarda İlham Əliyev və Paşinyan arasında görüş keçiriləcək"

“Ermənistan-Azərbaycan sərhəddində baş verən proseslər və pozulan atəşkəs bir neçə versiyanı ortaya qoymağa imkan yaradır”. 

Bunu “Şərq”ə “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. Analitik bildirib ki, Rusiya prosesin "sülhməramlılar"a aidiyyatı olmadığını göstərməyə çalışır. Onun sözlərinə görə, Moskva sərhəddə yaranmış təxribatların səbəbini “rus əsgərinin orada olmaması” ilə izah etməyə çalışır: 

“Kreml Ermənistan hakimiyyətinin xalqa aid olmadığını və ona görə də hakimiyyətdaxili ziddiyyətlərin çox olduğunu göstərir. Təkcə Rusiya deyil, eyni zamanda Fransa və ABŞ da regionda qalmağın yolu kimi münaqişənin davamını istəyirlər. Ermənistan üzərində nüfuzunu artırmaq məqsədi ilə Rusiya, ABŞ və Fransa arasında ciddi pərdəarxası mübarizənin getdiyi görünməkdədir. Təbii ki, mövcud Ermənistan hökuməti siyasi idarəçilik təcrübəsi az olduğu üçün hadisələrə nəzarəti əlində saxlaya bilmir. Ona görə də hakimiyyət daxilində digər güc mərkəzlərini təmsil edən qüvvələr Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmasına icazə vermək istəmirlər. Amma görünən odur ki, Paşinyan artıq ölkədəki vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını anlamağa başlayıb. Digər tərəfdən isə Paşinyan başa düşür ki, Rusiya onu hakimiyyətdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Ona görə də danışıqlar masasına oturmağın vaxtının çoxdan çatdığını yaxşı anlayır”.

Siyasi şərhçi yaxın vaxtlarda Ermənistan-Azərbaycan arasında danışıqların başlayacağını ehtimal edir: “Hətta böyük ehtimal var ki, yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçrilməsi mümkün olsun. Dövlət başçıları arasında görüşün Moskvada deyil, başqa yerdə keçrilməsi də ağlabatandır. Sonrakı proseslərdə Türkiyənin də iştirakı və daha çox aktivlik göstərməsi daha məqsədəuyğun olardı”.