Jurnalist döyüşçülər cəbhə gündəliyi yazmağa tələsmirlər

Aqşin Kərimov: "Hələ vaxt olmayıb ki, qeydlərimin üzərində geniş işləyim"

Məğrur Əli Polad: "Müharibədən qayıtdıqdan sonra sosial şəbəkələrdə xatirələrimi bölüşmüşəm, bəlkə də nə vaxtsa geniş yazacam"

Geyib əsgər paltarını silahlandı qəhrəman, 
Onun polad sinəsinə sığışmadı ürəyi…

Məktəb illərində sevə-sevə əzbərlədiyimiz şeirlərdəndi.  Xalq şairi Səməd Vurğunun qələmindən çıxmış misralar II Dünya müharibəsinə “sovet əsgəri” kimi yollanan azərbaycanlı balasına ithaf edilib. Müharibə ədəbiyyatı deyil mövzumuz, cəbhə gündəlikləridi. Məsələn, Xalq yazıçısı İsmayıl Şıxlı sovet ordusu sıralarında sıravi əsgər kimi döyüşmüşdü, sonra da “Cəbhə yolları” xatirələrini qələmə almışdı. Xalq yazıçısı Əli Vəliyev isə 1942-45-ci illərdə ovaxtkı “Kommunist” qəzetinin məsul katibi olaraq cəbhə bölgələrinə səfər edirmiş, beləcə “Cəbhə hekayələri” ərsəyə gəlmişdi. 

Ümumilikdə, Azərbaycan sovet ədəbiyyatının 40-dan çox nümayəndəsi o zaman cəbhədə olubmuş. Biz isə yazıçıların, şairlərin yox, məhz jurnalistlərin cəbhə gündəliyinə nəzər salmaq istədik. Azərbaycan mediasının Qarabağ gündəliyi zatən dop-doludu. Bütün mənalarda. Şəhidlər verib Azərbaycan jurnalistikası, Milli Qəhrəmanlar  da ”qazanıb”, qazi-jurnalistlər də. Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli Milli Mətbuat Günündəki çıxışında bildirmişdi ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. 1-i yaralanıb, 1-i şəhid olub (ATV-nin sabiq  əməkdaşı Davud Qurbanov). 

Bəs, qazi-jurnalistlər cəbhə gündəliyi yazıbmı və ya cəbhə xatirələrini yazmağı düşünürmü?  

Vətən müharibəsinin döyüşçüsü, “Oxu.az” saytının əməkdaşı, qəhrəman həmkarımız Aqşin Kərimov görək nə deyir:  
- Belə bir yazım olub, Mətbuat Şurasının sədri Əflatun Amaşova göndərmişdim. MŞ qərara almışdı ki, müharibədə iştirak edən jurnalistlərin cəbhə gündəlikləri barədə məqalələr toplasın, ancaq düzü prosesin hansı səviyyədə olduğundan xəbərsizəm. Açığı, yazdıqlarım geniş həcmli material sayıla bilməz, mən  müharibə dövründəki hərbi xidmətimi təxminən 3 səhifəyə yerləşdirmişəm. Yəni genişləndirmək də olardı, amma kitabda geniş yer tutmasın deyə, digər yoldaşların da materiallarını nəzərə alıb maksimum dərəcədə qısa yazdım. Hələ vaxt olmayıb ki, üzərində geniş işləyim, buna görə də, çap etdirmək hələlik gündəliyimdə deyil.

Qəhrəman həmkarlarımızdan daha biri, İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışan  Məğrur Əli Polad cəbhə gündəliyi yazmağa imkan olmadığını dedi: 

- Xeyr, cəbhə gündəliyi yazmamışam. Çünki mən müharibədə jurnalist yox, topçu zabit kimi iştirak edirdim. Eyni zamanda, buna həm şərait, zaman yox idi, həm də gördüyüm işi iki yerə parçalamaq istəmirdim. 

Düşünürdüm ki, indi öz vəzifəmi tam şəkildə yerinə yetirməyim daha önəmlidi, nəinki fikrimi öz işimdən ayırıb, qələmə sarılmaq. Amma müharibədən qayıtdıqdan sonra sosial şəbəkələrdə müəyyən xatirələrimi, qeydlərimi təqdim etmişəm. 

Bunlar saytlarda da yer alıb. Bəlkə də nə vaxtsa müharibə haqda daha geniş yazacağam. Bununla yanaşı, etiraf edirəm ki, mövzu hərb və müharibədirsə, heç də hər şeyi yazmaq mümkün deyil.