"Cəbhə gündəliyi yazmaq imkanım olmayıb"


Rəşad Baxşəliyev: "Düşünürəm ki, yayda məzuniyyətə çıxanda yarımçıq qalmış işləri – cəbhə xatirələrini yazıb tamamlamaq olar"

Qazi-jurnalistlərdən “cəbhə gündəliyi, cəbhə xatirələri yazmısınızmı” soruşmuşduq. Bir neçəsi müharibənin qızğın çağında gündəlik yazmağın qeyri-mümkünlüyünü, həm də müharibədə yaşananların, şahidi olduqları hadisələrin qələmə alınmasının çətin olduğunu söyləmişdi. Vətən müharibəsinin döyüşçüsü, “Oxu.az” saytının əməkdaşı, qəhrəman həmkarımız Aqşin Kərimov qeyd etmişdi ki, 44 günlük Vətən müharibəsi barədə material hazırlayıb Mətbuat Şurasına təqdim etmişdi. MŞ jurnalistlərin cəbhə gündəlikləri barədə məqalələr toplusu hazırlamaq ideyası vardı. 

Ancaq prosesin hazırda hansı səviyyədə olduğundan xəbərsizdir. Yazdıqlarını çap etdirmək isə hələlik gündəmində deyil. Digər qəhrəman həmkarlarımız, İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışan  Məğrur Əli Polad da cəbhə gündəliyi yazmağa imkan olmadığını, müharibədə jurnalist yox, topçu zabit kimi iştirak etdiyini, nəsə yazmağa nə şərait, nə də zaman olduğunu, bəlkə nə vaxtsa müharibə haqda daha geniş yazacağını demişdi. 

Bu dəfə həmkarımız, baş leytenant, “Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Baxşəliyevə eyni mövzu ilə müraciət etdik. Vətən müharibəsində həm də döyüşçülərin əhatəsində maraqlı, çəkici fotoları ilə yadda qalan baş leytenant “Şərq”ə bunları dedi: 

- Mən cəbhəyə gedəndə baş redaktorumuz bir blaknot vermişdi ki, gündəliyini yazarsan. Amma orada elə bir vəziyyət idi ki, gündəlik yazmaq qeyri-mümkün idi. Sadəcə qeydlər aparmaq olardı.  Cəbhədən qayıtdıqdan sonra fikirləşdim bu barədə. Amma hələ yazmaq imkanım olmayıb. Çünki qayıdandan sonra dərhal jurnalist fəaliyyətimi davam etdirdim. Bu da gündəliyin yazılmasına mane oldu.  İşğaldan azad olunmuş ərazilərə ötən bir il ərzində jurnalistlərin, media mənsublarının iştirakı ilə tez-tez səfərlər təşkil olundu. Mən də Ağdam, Füzuli, Xocavənd, Şuşada səfərdə oldum, görülən işlər barədə mütəmadi reportajlar hazırladım. Həmçinin cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma, tikinti-quruculuq proseslərinə şahidlik etdim və silsilə yazılar hazırladım. Düşünürəm ki, yayda məzuniyyətə çıxanda yarımçıq qalmış işləri – cəbhə xatirələrini yazıb tamamlamaq olar.