İrəvan hökuməti əvvəlki yanaşmasından vaz keçməyib

Təxribatlar ona görə törədilir ki, Ermənistanda revanşizmi canlı, diri tutmaq istəyənlər var 

Digər tərəfdən bölgədə marağı olan güclər də İrəvana təsir göstərir. Həm də Paşinyan hökuməti siyasi-hərbi və təhlükəsizlik baxımından dövlətə tam hakim deyil

  Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Kəlbəcər istiqamətindəki mövqelərimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutublar. Bununla yanaşı, düşmən tərəf diversiya təxribatı törətməyə də cəhd ediblər. Ermənilərin diversiya qrupu Kəlbəcər-Laçın istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb. 

Rəsmi Bakı vurğulayıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

  Ermənistanın növbəti təxribat cəhdlərini "Şərq"ə təhlil edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, münaqişə tərəflərinin prosesə yanaşması fərqlidir. Analitik qeyd edib ki, Azərbaycanın məsələyə dair mövqeyi müstəqillik əldə etdiyimiz gündən bu yana, demək olar ki, dəyişməyib: 

"Rəsmi Bakının mövqeyi odur ki, əgər ərazi bütövlüyünə və suverenliyə hörmət qarşılıqlı şəkildə olarsa, dövlətlər bir-birinin daxili işinə qarışmazsa, bölgədə sülh olar və bütün region ölkələri bundan xeyir görər. Azərbaycan öz əraziləri işğal altında qaldığı müddətdə belə daim sülh naminə danışıqlar prosesində maraqlı olub. Ancaq bunun əksinə Ermənistan 30 il ərzində sadəcə təxrtibat törətmək, təcavüzü genişləndirmək barədə düşünüb. Hətta işğalçılıq Ermənistanın özünə ziyan vurduğu halda, hansısa xarici güclərin maraqları uğruna təcavüzdən əl çəkməyib. Bu, çox yanlış bir strategiya olub. Ermənistanda az da olsa bu yanlış strategiyaya qarşı çıxanlar olsa da, İrəvan hökuməti əvvəlki yanaşmasından vaz keçməyib. Əslində çoxları zənn edirdi ki, Ermənistan 44 günlük müharibədən, ağır məğlubiyyətdən sonra Ermənistanda mövcud reallıqları dərk edənlərin sayı artar. İrəvan durumdan nəticə çıxardar. Lakin biz bunu müşahidə etmədik. Düzdür, Ermənistanda 1990-cı illərin əvvəllərindən fərqli olaraq yanlış siyasəti dərk edənlərin sayında artım var. Ancaq görünən odur ki, hələ də arzulanan səviyyədə deyil. Təxribatlar ona görə törədilir ki, Ermənistanda revanşizmi canlı, diri tutmaq istəyənlər var. Digər tərəfdən bölgədə marağı olan güclər də İrəvana təsir göstərir. Həm də Paşinyan hökuməti siyasi-hərbi və təhlükəsizlik baxımından dövlətə tam hakim deyil. Vəziyyət elədir ki, ermənilər tərəfindən bir addım atılanda bunun Paşinyan tərəfindən edildiyi, yaxud digər güclərin təsiri ilə olduğu haqda dəqiq təsəvvür formalaşmır. Hansısa təxribat törədəndə adamın ağlına ən azı 5 dövlət gəlir ki, görəsən, budəfəki təxribatın arxasında kim dayanır?!".

  A.Aslanlı vurğulayıb ki, Ermənistan tərəfdə və onları dəstəkləyən ölkələrdə bir düşüncə hakimdir:

 "Onlar düşünürlər ki, Azərbaycan-Ermənistan arasında qarşıdurma olmaması, proseslərin sakit irəliləməsi, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi zəruri məqamlarda bölgəyə nüfuz etmək imkanlarını da aradan qaldıracaq: "Əks halda üç dövlət arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatı tərəflər arasında həm atəşkəsin olmasına, həm də sülh prosesinin inkişafına kifayət etməliydi. Ancaq kənar qüvvələrin müdaxiləsi və Ermənistanın təhrik edilməsi buna imkan vermir. Cənab Prezident dəfələrlə bildirib ki, münaqişə bitib və biz quruculuqla məşğuluq. Ermənistan və onun dəstəkçiləri isə öz təxribatları ilə bölgədə müharibə təhlükəsinin qaldığını, quruculuq işlərinin riskli olduğunu göstərməyə çalışırlar. Ona görə də Azərbaycan həm hərbi ritorikasını davam etdirir, lazım olanda düşməni əzir, eyni zamanda paralel olaraq quruculuq-bərpa işlərini həyata keçirir. Bu da çox önəmli iki nüansdır".