Kənar təsir mümkün deyil

Türkiyədə baş verən ardıcıl zəlzələlər tamamilə təbii geoloji hadisədir

“Eyni coğrafiyada son günlər seysmoloji aktivlik müşahidə edilirdi və bu prosesin Türkiyədə daha şiddətli olacağını müəyyən etmək olardı”

  Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ özlüyündə bir sıra iddiaların yaranmasına səbəb olub. Həmin iddialardan ən diqqət çəkəni baş verən zəlzələnin süni olması, hansısa seysmoloji silahın tətbiqi sonrası baş verməsidir. Bəzi insanlar isə ardıcıl zəlzələlərin Türkiyənin seçkiyə hazırlaşdığı vaxt baş verməsinin təsadüf olmadığı və qeyd edilən seysmoloji silahın istifadəsi iddiasının doğru olduğunu iddia ediblər. Ekspertlərin fikrincə, dünyada süni titrəyişdən müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metod daha çox neft sənayesində kəşfiyyat işləri, neft və qaz mənbələrini aşkarlamaq üçün olunub. 

  Geofiziklər yerin müəyyən qatlarına seymsovibratorlarla dalğa göndərərək yerin dərin qatlarındakı qaz, boşluq, su və ya neftlə zəngin laylarla və s. qarşılaşa bilər. Lakin bu o demək deyil ki, bu üsulla 7-8 ballıq dağıdıcı zəlzələ yaratmaq olar. İnsan əli ilə, xüsusi proqram və tektonik silah vasitəsilə istənilən yerdə zəlzələ yaratmaq üçün yerin lazımi laylarına nüvə partlayışı gücündə təsir etmək tələb olunur. Belə bir texnologiya isə hazırda yoxdur.

  Politoloq Turan Rzayev "Şərq"ə bildirib ki, Türkiyədə baş verən ardıcıl zəlzələlər tamamilə təbii, normal geoloji hadisədir. Analitikin sözlərinə görə, elementar coğrafi biliyə sahib hər kəs bilir ki, yer qabığı sabit deyil və davamlı hərəkət edir: 

"Biz insanlar yer qabığındakı bu hərəkətliliyi zəlzələlər ilə hiss edirik. Coğrafi və geoloji terminalogiyada yerin qabığındakı hərəkətlilik coğrafi tavaların hərəkəti kimi qeyd edilir. Bu tavaların toqquşması nəticəsində seysmoloji aktivlik müşahidə edilir. Türkiyə geoloji olaraq dünyanın ən seysmik bölgələrindən hesab edilir. Bunu təsdiq edən ən sadə nümunə Türkiyənin şimalından keçən Pontus dağ silsiləsi və cənubundan keçən Zaqros dağ silsiləsidir. Hər iki dağ silsiləsi Alp-Himalay qırışıqlığının bir parçasıdır. Müqayisə üçün deyim ki, Azərbaycandakı Kiçik Qafqaz və Talış dağları Zaqros dağ silsiləsinin, Böyük Qafqaz dağ silsiləsi isə Pontos dağ silsiləsinin davamıdır. Buna görə Azərbaycanda da tez-tez zəlzələlər olur. Türkiyənin yerləşdiyi kiçik Asiya yarımadası Avrasiya, Afrika və Ərəbistan coğrafi tavalarının kəsişdiyi bir ərazidir. Məhz buna görə də bu ərazi seysmoloji olaraq dünyanın ən aktiv bölgələrindən hesab edilir. Həmin coğrafi tavaların davamlı surətdə bir-biri ilə toqquşduğu üçün kiçik Asiya yarımadası seysmoloji cəhətdən aktiv olur və dağ silsilələri ilə əhatə olunub. Onu da deyim ki, seysmoloji cəhətdən aktiv olan ərazidəki dağlar həm də cavan dağlar adlanır. Yəni bu ərazidə dağ yaranma prosesi hələ də davam edir. Misal üçün, Mərakeşdəki Atlas dağları qoca dağlardır, çünki burada dağ yaranma prosesi daha getmir və belə dağlar zamanla eroziyaya məruz qalır. Nəticə etibarilə Türkiyədə baş verən zəlzələlər tamamilə təbii, heç bir kənar təsir nəticəsində baş verməyən təbiət hadisəsidir".

  T.Rzayev bununla yanaşı qeyd edib ki, hadisə hər nə qədər təbii olsa da, baş verəcəyinə dair həm təbii, həm də alimlər səviyyəsində xəbərdarlıq edilmişdi: 

"Təbii səbəb kimi onu göstərmək olar ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətində 5,9 bal gücündə zəlzələ baş verdi. Hadisə nəticəsində başda Xoy şəhəri olmaqla ətraf ərazilərə ciddi şəkildə ziyan dəydi. İranda baş verən zəlzələnin ardınca isə Naxçıvan MR-də 5.3 ballıq zəlzələ olub. Yəni göründüyü kimi eyni coğrafiyada son günlər seysmoloji aktivlik müşahidə edilirdi və bu prosesin Türkiyədə daha şiddətli olacağını müəyyən etmək olardı. Prinsip etibarilə Niderland Elmi-Tədqiqat İnstitutunun araşdırmaçı-seysmoloqu Fransk Huqerbets tərəfindən iki gün öncədən bu zəlzələnin ərazisi və gücü ilə bağlı dəqiq proqnoz verilib. Yenə həmin şəxs tərəfindən ilk dəfə olaraq bu zəlzələdən sonra da güclü zəlzələ, avtoşok ola biləcəyi ilə bağlı proqnoz verilib".
  Ekspert düşünür ki, baş verən təbiət hadisəsi Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək.