"Zəlzələnin nə zaman, harda baş verəcəyini bilmək olmur"


Ənvər Əliyev: "Azərbaycanda seysmoloji xəritənin yenilənməsi işlərinə başlanmalıdır"

"Bölgələr üzrə seysmoloji məntəqələrin sayı artırılmalıdır. Yaşayış binaları, ictimai binalar və sair möhkəmliyi ciddi şəkildə yoxlanmalıdır"

  Azərbaycanda zəlzələ gözlənilirmi? Hazırda əhalini düşündürən məhz bu sualdır. Zəlzələ həyəcanını yaradan qardaş Türkiyədəki seysmik ocaqların hələ də sönməməsi, hətta İstanbulu da böyük  təhlükə gözlədiyinə dair yayılan xəbərlərdir.  Mütəxəssislər isə zəlzələnin nə vaxt baş verəcəyini “gözləməkdənsə”, tədbir görülməli olduğu xəbərdarlığını edir, böyük faciələr yaşanmasın deyə, təxirəsalınmaz tədbirlərin icrasını vacib sayır.    

  AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Şərq”ə açıqlamasında  bildirdi ki, zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil, lakin toplanan enerji zəlzələnin gec və ya tez baş verəcəyi reallığını ortaya qoyur: 

- Türkiyədə baş vermiş zəlzələ Yaponiya ilə müqayisə oluna bilər. Və Türkiyənin yerləşdiyi coğrafi ərazi planetin ən seysmoaktiv ərazilərindən biridir. Hazırda bu ərazidə seysmoaktivlik səngiməyib. Bunu verilən xəbərlərdə görürük, Türkiyənin elm adamları da bunu bildirir ki, zəlzələ yenə baş verə bilər. Enerjinin artıq İstanbul istiqamətində toplandığı da məlumdur. Əslində, zəlzələnin istiqaməti İstanbul idi, şəxsən mən orada zəlzələ olacağını gözləyirdim. Çünki mövcud vəziyyət bunu gözləməyə əsas verirdi. Lakin zəlzələ başqa ərazidə - mərkəz Kahramanmaraş olmaqla daha 10 bölgədə dəhşətli dağıntılara, insan tələfatına səbəb oldu. 

Allah eləsin, təxminlər gerçəkləşməsin, İstanbula zərər dəyməsin. Bunun hansı faciələrə gətirib çıxaracağını düşünmək belə dəhşətdir. İstanbul tarixi şəhərdir, həm də köhnə şəhərdir, nə qədər heyrətamiz memarlıq nümunələri var, əhali sıxlığı haqqında heç danışmaq istəmirəm. Amma zəlzələnin nə zaman, harada baş verəcəyini bilmək olmur. Ola bilər, zəlzələ ocaqları sönsün, sonra yenidən aktivləşsin. Zəlzələ bu gün də ola bilər, sabah da, bir neçə ildən sonra da. 

Azərbaycana gəlincə, Ə.Əliyev bunları söylədi: 

- Azərbaycan Alp-Himalay qırışıqlığının üzərində yerləşir. (Alp qırışıqlığı Yer qabığı təbəqələrində kaynozoy və qismən mezozoy eralarında əmələ gəlmiş qırışıqlıqdır. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılır. Mezozoyun əvvəlindən başlamış, neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlib). Alp qırışıqlığı iki zolaqdan ibarətdir: 

1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini - Koryak silsiləsini, Kamçatka yarımadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakı dağ silsilələrini və dərin sualtı yarğanları əhatə edir. Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur. Göründüyü kimi, Azərbaycan birinci zolaqdadır. Və bura 8 ballıq seysmik zonadır. Azərbaycanın seysmoloji xəritəsi isə 1977-ci ildə tərtib edilib. Və o gündən bu yana bu xəritə yenilənməyib. Hansı ərazilər daha çox seysmikdir, bunu bilmək, müəyyənləşdirmək üçün bütün ölkə ərazisində seysmoloji məntəqələr olmalıdır. Xəritə seysmoloji məntəqələrin apardığı iş nəticəsində çəkilməlidir. Xəritə elə-belə,  havadan çəkilmir. Belə bir xəritə bizim əlimizdə yoxdur. 30 ilə yaxın müddətdə ərazilərimizin işğal altında saxlanması da bu işə əngəl olub. Biz işğal altında saxlanılan ərazilərdə seysmikliyin hansı dərəcədə olduğunu bilmirik. 

Digər ərazilərlə bağlı da ciddi iş aparılmayıb, çünki lazımi sayda məntəqələr yoxdur. Azərbaycanda ən aktiv seysmik zona Böyük Qafqazın cənub yamacıdır. Amma bizim qoyacağımız sual, zəlzələ olacaqmı, olmayacaqmı, nə zaman olacaq, neçə ballıq olacaq... bunlar deyil. Sual budur: hansı tədbirlər görülməlidir? İşlər çoxdur. 

Ölkənin seysmoloji xəritəsinin yenilənməsi işlərinə başlanılmalıdır. Bölgələr üzrə seysmoloji məntəqələrin sayı artırılmalıdır. Yaşayış binaları, ictimai binalar və sair möhkəmliyi ciddi şəkildə yoxlanmalıdır. İndi biz deyə bilmərik ki, hansı binalar daha möhkəmdir – sovet illərində inşa edilənlər, yoxsa sonra tikilənlər. Bir çox binaların dayaq sütunlarına müdaxilə edildiyi məlumdur. Binaları təhlükəli edən əsas səbəblərdən biri də budur. 

Sıxlıq, ayrıca bir problemdir və çox ciddi problemdir. Allah eləməsin, hansısa bir bina çökərsə, sakinlərin açıq sahəyə toplaşması mümkün olmayacaq, çünki belə  sahələr yoxdur. Binalar tikilir, amma nə lazımi ölçüdə həyət var, nə də binanın önünə, küçəyə axışmaq mümkün deyil, hər yer tutulub, hər yerdə tikililər var. Türkiyənin ağır təcrübəsində gördük ki, bir bina yıxılır, özüylə bərabər yanındakını, arxasındakını, önündəkini də zədələyir, yıxır. Çünki binalar bir-birinə bitişik inşa edilib. Bu cür nöqsanlar bizdə də çoxdur. Nöqsanlar tədricən aradan qaldırılmalı, binaların möhkəmliyi yoxlanmalı, ehtiyac duyulan yerlərdə möhkəmləndirmə, bərkitmə işləri aparılmalıdır. 

Ə.Əliyev əhalinin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu dedi: 

- Zəlzələ amansızdır. Biz vətəndaş səylərini ümumi nəzarətə çevirməyi bacarmalıyıq. Ən əsası, qorxu hissi ilə deyil, səfərbərlik hissi ilə yaşamalıyıq.