"Hazırda Azərbaycan Balkan ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynayır".
Bu sözləri "Sherg.az"a deputat Asim Mollazadə Prezident İlham Əliyevlə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin görüşündən danışarkən deyib. Onun sözlərinə görə, bir sıra Balkan ölkələri IGB (Yunanıstan-Bolqarıstan İnterkorrektoru) qaz kəməri istismara veriləndən sonra artıq Azərbaycan qazını almaq imkanı əldə edəcəklər:
"Məlum istiqamət üzrə proseslər davam edir. Bosniya və Herseqovina da Azərbaycanla əlaqələr qurmaq istəyən növbəti ölkələrdən biridir. Hazırda orada icmalar arasında ciddi problemlər mövcuddur.
Buna rəğmən dövlətimiz bütün Balkan ölkələrinə öz dəstəyini artıra bilər. Avropa Birliyi müvafiq layihə hazırlasa, Cənub-Şərqi Avropa və Balkanlar Azərbaycan qazı ilə öz enerji təhlükəsizliklərini təmin edə bilərlər".
Qeyd edək ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycana səfərə gəlib.
Prezidenti İlham Əliyev martın 1-də J.Tsviyanoviç ilə görüşüb. Qonaq Azərbaycanda olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Xanım Sədr Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.