"Azərbaycanda hipermarketə hücumla bağlı cəmiyyətdə çoxlu ehtimallar, versiyalar dolaşır".
Bunu "Sherg.az"a sabiq təhlükəsizlik zabiti, politoloq Ərəstun Oruclu martın 4-də Xətai rayonundakı hipermarketə edilmiş silahlı hücumdan danışarkən deyib. Onun sözlərinə görə, istər sosial şəbəkələrdə, istərsə də mediada sualların, versiyaların gündəmə gəlməsinin, müzakirə predmetinə çevrilməsinin başlıca səbəbi hadisə haqqında rəsmi məlumatların yetərincə olmamasıdır:
"Həmin axşam Fəvvarələr meydanı yaxınlığında əməliyyat keçirildi. Hadisəni törədənlərdən biri öldürüldü, digəri saxlanıldı. Sonra əməliyyatın keçirilməsi, hadisənin başvermə yeri ilə bağlı çoxsaylı suallar, fərziyyələr ortaya çıxdı. Təəssüf ki, ölkəmizdə dövlət orqanları ictimaiyyəti detallı məlumatlandırmağı hələ də bir vərdiş, zərurət, öhdəlik olaraq, mənimsəyə bilməyiblər. Belə təcrübəyə malik deyillər. Məhz bu səbəbdən də baş verənlər çoxsaylı suallar doğurur. Hər hansısa xarici güclərin təsiri olduğunu hesab edənlər də az deyil. Sözügedən hadisənin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin həmən ardınca yaşanması və bir obyektin hədəfə alınması Rusiyanın təhdidi kimi qiymətləndirilib. Belə bir versiya irəli sürənlərin də arqumentləri əsassız deyil. Yəni razılaşmamaq olmur".
Politoloqun qənaətincə, məlum hadisədə xarici qüvvələrin "əli" var:
"Birincisi, Lavrovun səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin Laçın dəhlizi barədə verdiyi açıqlamada Azərbaycanın mövqeyi ilə faktiki razı olmadığını gördük. İkincisi, hadisə günün günorta çağı yaşanır. Sonuncu dəfə Bakıda avtomatdan istifadə ilə cinayətin nə vaxt törədildiyini xatırlamıram. Adıçəkilən hadisə isə aktiv bir ticarət mərkəzində, xalq arasında tanınan, bilinən bir hipermarketdə baş verib. Üstəlik, hücum hədəfi onu törədənlərin peşəkarlığı ilə uyğunlaşmır. Görüntülərə baxdıqda açıq-aydın görünür ki, basqını həyata keçirənlər peşəkar cinayətkarlardır. Yəni bu, hansısa narkomanın, oğrunun əməli deyil. Prosesi planlaşdırmaq, avtomatla hücum etmək təxminən 15-20 saniyəni əhatə edir. Bu qısa müddət ərzində bir nəfəri qətlə yetirirlər, digərini yaralayıb, pulu götürüb, gedirlər. Sual olunur ki, belə peşəkar quldurlar bankomata niyə hücum etsin? Hər kəs bilir ki, bankomata yerləşdirilən məbləğin həcmi kifayət qədər məhduddur. Yəni o "əziyyətə" dəymir. Hətta mühafizəçinin başına dəqiqliklə güllə atması da onların təcrübəli olduğunu göstərir. Başqa bir sual yaranır ki, belə peşəkar cinayət törədənlər şəhərin ucqar nöqtəsində cinayəti törədirlər, sonra mərkəzdə gizlənirlər. Bütün ərazilər isə kamera müşahidələrindədir. Üstəlik, gizləndikləri yer ciddi nəzarət olunan, turistik, əhalinin sıx toplaşdığı məkandır. Daxili İşlər Nazirliyinin ikiaddımlığıdır. Qəribədir... Amma dediyimiz kimi, nə keçirilən əməliyyat, nə də saxlanılan adam haqqında məlumatın yetərli olmaması bütün mülahizələrə rəvac verir. Fikrimcə, göstəricilər - adıçəkilən cinayətin başvermə metodu, vaxtı, onun predmeti, törədənlərin peşəkarlığı, hədəfə alınan hipermarket bunun bir mesaj olduğunu deməyə əsas verir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev strateji dövlət obyektlərinin mühafizəsinə dair qurumun fəaliyyətindəki dəyişikliklərlə bağlı fərman imzaladı. Detalları açıqlanmır, amma hər bir halda belə qənaətə gəlmək olar ki, mesaj çatdı. Anlaşıldı ki, daha ciddi hücumlar, basqınlar, pozucu əməllərə rast gələ bilərik. Bəli, belə əməllər məhz destabilizasiyaya yönələ bilər. Eyni zamanda cəmiyyətdə gərginlik, xof, vahimə yaratmaq istəyindən irəli gəlir, terror aktının əlamətləridir. Analoji basqın edə bilən cinayətkarlar heç vaxt bankomatdakı 15-20-50, hətta 100 min manatı hədəfləməzlər".
Ə.Oruclunun fikirlərinə görə, məlum hipermarket və onun daxilindəki "Unibank"ın bankomatına, əməkdaşlarına hücum da təsadüf hesab edilməməlidir:
"Mesaj kimi qəbul etmək lazımdır. Bütün suallara aydınlıq gətirmək zəruridir. Həmin axşam keçirilən əməliyyatın detalları açıqlanmalıdır. Burada sirr yoxdur. Gündüz vaxtı basqın edilib, təhdid yaradan addım atılıb. Ona görə də dövlət orqanları ciddi şəkildə detallı açıqlama yaymalıdır və cəmiyyət məlumatlandırılmalıdır. Əks halda, İran və ya Rusiya izi axtaran versiyalar özünə yol tapacaq və cəmiyyətdə panika yaratmağa xidmət edəcək. Böyük ehtimalla isə Rusiyanın "əli" var. Onu da istisna etmirəm ki, bunun hadisənin ardınca, martın 5-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində iki hərbi qulluqçumuzun şəhid olmaları çoxlu suallar doğurur. Biri-birinin ardınca qəribə proseslər baş verir. Sanki kimsə Azərbaycana mesaj verir ki, ölkənin daxilində də gərginlik yarada bilərlər".
Qeyd edək ki, martın 4-də Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Sosial şəbəkələrdə mövcud olan iddialara görə, baş verən hadisədə İran və ya Rusiyanın "əli" var.