Uğurlu səfər... 


Almaniya Qərbi Avropada Azərbaycanın əsas tərəfdaşlarından biridir

Rəsmi Berlin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində potensial vasitəçi ola biləcək ölkələrdəndir


  Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının rəhbəri Frank-Valter Ştaynmayer ilə görüşüb. Görüşdə Almaniya Prezidenti ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib. İki ölkə arasında tezliklə sülh müqaviləsi imzalanacağına ümidvar olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, ölkəsi Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu bildirərək, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürüldüyünü deyib. Dövlət başçısı qeyd edib ki, hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir. Qeyd olunub ki, Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir. Daha sonra Azərbaycan Prezidenti regional məsələlər haqqında danışıb. Ölkə rəhbəri separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğulayıb, separatizmə münasibətdə vahid yanaşmanın olmasının zəruriliyini qeyd edib. Ermənistanın qeyri-konstruktiv mövqeyinə də toxunub. Həmçinin vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizin reallaşdırılmasına mane olur.

  "Qlobal Media və Siyasət Araşdırmaları" İctimai Birliyinin eksperti Turan Rzayev "Şərq"ə bildirib ki, Prezidentin Almaniyaya səfərini uğurlu hesab etmək olar. Analitik qeyd edib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir:

"Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda da öz əksini tapıb. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Bu baxımdan Azərbaycan Prezidentinin Almaniyaya səfəri həm də diplomatik strateji dialoq xarakteri daşıyıb. Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. Digər tərəfdən, rəsmi Berlin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində potensial vasitəçi ola biləcək ölkələrdəndir. Fransanın sərgilədiyi anti-Azərbaycan və qeyri-konstruktiv mövqe fonunda Almaniya Azərbaycan üçün daha loyal və konstruktiv vasitəçi ölkədir". 
  Ekspertə görə, Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir: "Prezidentin Almaniyaya işgüzar səfəri həm də bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkəyə səfəri fonunda diqqət çəkir. Qısa müddət ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir. Rəsmi Berlin hər iki tərəfi dəvət edərək faktiki olaraq tərəflərə bərabər səviyyədə yanaşdığını göstərir. Diqqətçəkən digər bir məqam isə Almaniya Kansleri Olaf Şolts Berlində “Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı” sözlərini deməsi oldu. Prinsip etibarilə bu, Paşinyanın Almaniyaya səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verməsinə bir cavabdır. Yəni Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsiz konstruktiv ölkə ola biləcəyi mesajını verir. “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı” sözləri isə Berlinin Parisdən fərqli olaraq Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını deməyə əsas verir. Ümumiyyətlə, Almaniyanın Cənubi Qafqazda artan maraqları həm də bu ölkənin Avropa İttifaqı daxilində Fransa ilə pərdəarxası liderlik mübarizəsindən irəli gəlir. Parisin özünü Avropa İttifaqının lider ölkəsi kimi aparması Berlini narazı salır. Məsələ ondadır ki, Almaniya hazırda Avropa İttifaqının əsas iqtisadi yükünü daşıyan lokomotiv rolunu oynayan ölkəsidir. Bu reallıqlar fonunda Berlin Parisin özünü Avropanın lider ölkəsi kimi təqdim etməsi ilə barışa bilməz. Fransanın Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqedən fərqli olaraq tərəflər ilə ayrı-ayrılıqda görüşməsi balans yaratmaq kimi qiymətləndirilə bilər".
  T.Rzayevin fikrincə, rəsmi Bakının Berlindən gözləntiləri var: "Birincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırıb. Avropa ölkələrinə ən təhlükəsiz və ucuz enerji nəql edən ölkə isə hazırda Azərbaycandır. Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də, mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman investorlar tərəfindən təmin edilə bilər. İkincisi, Azərbaycan mövcud neft və qaz rezervləri Avropa İttifaqı ölkələrinin ümumi tələbatını ödəyəcək qədər deyil. Buna görə də yeni geoloji araşdırmalara, yeni neft və qaz yataqlarının kəşfinə ehtiyac var. Bu istiqamətdə də alman ekspertləri və geoloqları ilə əməkdaşlıq zəruridir. Üçüncüsü, rəsmi Bakı hazırda yaşıl enerji istiqamətində ixtisaslaşmış ölkə olmaqda qərarlıdır. Bu istiqamətdə artıq bir sıra Avropa ölkələri ilə də sazişlər imzalanıb. Azərbaycanın bu sahədə potensialı da kifayət qədər böyükdür. Bu məsələdə də Almaniya ilə əməkdaşlıq müsbət nəticələr verə bilər".