Türk dövlət başcılarının “Ankara zirvəsi“ndən görünən mənzərə
 


Liderlər sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkiblər

  Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Öncə Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar, qardaş ölkəyə edilən humanitar yardımlar barədə videoçarx nümayiş olunub. Təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Liderlərin çıxışlarından sonra Ankara Bəyannaməsi imzalanıb. 16 bənddən ibarət Ankara Bəyannaməsində Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb. Türkiyənin cənub-şərqində baş verən zəlzələ bəyannamədə geniş yer alıb, liderlər zəlzələlərdən sonra bərpa işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə ediblər. Bundan əlavə, onlar təşkilata üzv və müşahidəçi olan dövlətlər, eləcə də dünyanın hər yerindən gələn axtarış-xilasetmə qruplarının işlərini yüksək qiymətləndirib. TDT liderləri Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn parlament və prezident seçkilərinin, Özbəkistanda keçirilən referendumun uğurla nəticələnəcəyinə əminliklərini bir daha təsdiq ediblər. Onlar həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının birlik və həmrəyliyinə, təhlükəsizliyinə və rifahına güclü və qalıcı töhfələrinə, birlik ruhunun gücləndirilməsində güclü liderliyinə görə minnətdarlıqlarını bildirib, qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar. 

  Qeyd edək ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. 

Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Məlumat üçün əlavə edək ki, “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkiblər. Həmçinin regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar. Ümumiyyətlə, son illər TDT-yə üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirmişdi. Qeyd etmişdi ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır. Türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir. Qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Sammitin məqsədi həm də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Azərbaycan artıq bir çox beynəlxalq platformaların təşəbbüskarına və ev sahibinə çevrilib. Bu ay dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas qrupunun Zirvə görüşü, daha sonra 10-cu Qlobal Bakı Forumunun keçirilməsi, dövlət başçısının TDT-nin fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəlilədilməsi və imicinin daha da artırılmasına xidmət edir.

  Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə toplantısının keçirilməsi 14 may seçkilərindən öncə məsləhətləşməyə ehtiyacın olmasından əlavə, həm də bu ittifaqda birləşən ölkələrin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəklərinin beynəlxalq aləmə nümayişi sayıla bilər: 

"TDT-də birləşən ölkə rəhbərləri indi hər kəsdən daha yaxşı anlayırlar ki, Türkiyədəki 14 may seçkilərində Qərbin açıq-aşkar dəstək verdiyi “6-lı masa”nın namizədi qalib gələrsə, bu, TDT-nin fəaliyyətinə də ciddi təsir göstərəcək. Çünki TDT-də birləşmiş ölkələr həm də Qərbin əsas hədəf taxtasına çıxardığı Rusiya ilə çox yaxşı əlaqələri olan, Ukrayna üzərində gedən Qərb-Rusiya savaşında tərəfə çevrilmək istəməyən ölkələrdir. Əgər Türkiyədə “Qərb masası”nın namizədi qalib gələrsə, bu, TDT-ni də zorən bu savaşda tərəfə çevrilməyə sürükləyəcək. Qərbin özünə düşmən saydığı Çin-Rusiya-İran üçbucağında yerləşmiş TDT coğrafiyasına isə Qərb maraqları naminə yeni savaş meydanına çevrilmək qətiyyən gərəkli deyil və "Bir Kəmər - Bir Yol" layihəsindən daha çox qazanacaq bu dəhlizə yalnız yeni fəlakətlər gətirə bilər. İndi 14 may seçkilərində Ərdoğanın qələbə qazanması təkcə “Cümhur İttifaqı”nın yox, həm də “Türk İttifaqı”nın, o cümlədən də bu coğrafiyayla həmsərhəd Rusiya, Çin, İran kimi anti-Qərb dövlətlərin də həyati maraqlarıyla birbaşa bağlıdır". 

  Millət vəkili Vüqar Bayramov deyib ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Deputat bildirib ki, 2022-ci ildə Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib: 

"Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artıb. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib. Ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. 21-ci əsr türk dünyasının əsridir".