Azərbaycan dünyada həmişə nümunə olub

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib


 Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı, yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda isə bu hüquqlar daha üstün - konstitusiya təminatı altındadır. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə görərik. Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir. Ölkəmiz bütün dövrlərdə dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların sığınacaq, yurd yeri olub. Dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanlar ölkəmizə üz tutub, yurd salıb burada yaşamağı seçiblər. Təkcə yəhudi və xristianlığın mənsubları deyil, müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən, sıxışdırılan islamla bağlı məzhəblərin nümayəndələri də bizə pənah gətiriblər. Bu baxımdan Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Sevindirici haldır ki, Azərbaycanda müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılmasına baxmayaraq, etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Azərbaycanda məskunlaşan dini-etnik qrupların nümayəndələri burada özlərini yad yox, öz doğma vətənlərindəki kimi hiss ediblər. Onlar yerli əhali ilə qaynayıb-qarışıb, hətta qohumluq əlaqələri də qurublar.

  Azərbaycanda tolerantlığın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dini tolerantlığın inkişafı və qorunması istiqamətində də mühüm addımlar atılıb. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir: “Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”. 
  Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasətində özünə mühüm yer tutur. Prezidentin tapşırığı ilə bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilən Azərbaycanda tolerantlığın daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin ötən gün Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda da Azərbaycandakı tolerantlıqdan bəhs edib. Dövlət başçısı qeyd edib ki, multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir: “Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir”. Prezident bəyan edib ki, Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığa xüsusi əhəmiyyət verir: "Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm". 

  Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda ta qədimdən bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar: “Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma müşahidə edilməyib. Onlar burada özlərini öz doğma vətənlərindəki kimi hiss ediblər. Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə çalışıb".

  İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycan xalqı daim yüksək etibar və etimad göstərilən xalqlardandır. Ekspert vurğulayıb ki, Azərbaycanda dinindən, millətindən, irqindən asılı olmadan bütün xalqlar daim mehriban münasibətdə olublar: 

"Dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün real nümunə təşkil edib. Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Azərbaycanda müxtəlif dinlərin, hətta fərqli məzhəblərin təmsilçiləri belə qarşıdurma yaşamadan ibadətlərini, ayinlərini icra edirlər. Bu da qardaşlıq simvolunun bariz nümunəsidir".
  İlahiyyatçı bildirib ki, dinimizin bizə tövsiyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə görə deyil, ilk növbədə insanlığına, bəşəri xüsusiyyətlərinə görə dəyərləndirilsin: "İslam dini vəhdəti, həmrəyliyi, sülh və əmin-amanlığı tövsiyə edir. Dünyanın bir çox ölkəsində baş verən dini qarşıdurmalar, islamafobiyanın genişlənməsi, radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrətləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib".