“Trendyol” Azərbaycan bazarına ciddi təsir edəcək

Kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək

“Güman etmək olar ki, onların çoxu digər bazarlara çıxış imkanı qazanmasalar, rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər”


  Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan adresində təslim almaq mümkündür” seçimi yer alıb.

  Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər. Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.

  Dəyişikliyi şərh edən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, “Trendyol”un Azərbaycana gəlişi çoxdan gözlənilən idi. Əsas məsələ bu anlaşmanın Azərbaycan bazarına təsiri ilə bağlıdır: 

”Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının  Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi,  əlçatanlıq, daha rahat alış-veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər.
  Amma onu da qeyd edim ki, yalnız "Trendyol"a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar, rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər. Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı.
Əslində digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi. Düşünürəm ki,  nisbətən böyük karqo şirkətlərimiz, "Trendyol"dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə  və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər”.

  O.Gündüzün sözlərinə görə, "Trendyol.com"a daxil olmaq istəyənlər "Trendyol.az"a yönləndiriləcək: “Maraqlısı odur ki, vətəndaşlarımız  burada  əvvəlki qaydada sərfəli olan  köhnə qiymətlərlə rastlaşacaqlar, yoxsa "Trendyol" Azərbaycan bazarı üçün yeni, baha qiymətlər müəyyən edəcək ? Onu da deyim ki, Azərbaycan bazarında olan bəzi brendlərin "Trendyol" vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik. Ümid edirik ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq”.