Peyvəndlə bağlı deyilənlər, sadəcə, məlumatdır

Xərçəngdən sağalan və işinə qayıdan insanlar da çoxdur

Bu xəstəliklə mübarizədə yüksək standartlara cavab verən tibbi avadanlıqlar və peşəkar həkimlərin sayı kifayət qədərdir


  Britaniyalı alim Conatan Kvok hesab edir ki, xərçəngin müalicəsi 2030-cu ilə qədər tapılacaq.Tədqiqatçının sözlərinə görə, hazırda dünyada 10-a yaxın komanda bu təhlükəli xəstəliyə qarşı peyvənd üzərində çalışır və bu tədqiqat qruplarının problemin həllinə öz xüsusi, prinsipial olaraq fərqli yanaşmaları var.
  Britaniyalı alimin fikrincə, yeni preparatın təsir mexanizmi elə olmalıdır ki, dərman metastazların əmələ gəlməsini dayandırmalı, xəstənin öz immun sisteminin yaxşılaşdırılmasını stimullaşdırmalıdır.
Kvok bildirib ki, hazırda bütün tədqiqatçılar işin təxminən ortasındadırlar, lakin onlar 2030-cu ilə qədər prosesi müsbət nəticə ilə başa vuracaqlar.

  Qeyd edək ki, yeni peyvəndin sınaqları artıq siçanlar üzərində sınaqdan keçirilir və bu il ərzində insanların yeni antixərçəng vasitəsinin effektivliyinin yoxlanılmasında iştiraka cəlb edilməsi planlaşdırılır.

  Bəs  2030-cu ilə qədər təqdim edilməsi planlaşdırılan xərçəng peyvəndi nə qədər effektiv olacaq? 

  Qeyd edək ki, xərçəng xəstəliyinin artmasında ekoloji faktorlar, qeyri-sağlam qida, siqaret və alkoqolun təsiri var. Öncəki 30-40 illə müqayisədə oturaq həyatın artması, fiziki aktivliyin azalmasının fonunda xərçənglə bağlı rəqəmlərdə artım var.
  Terapevt-hepatoloq Sevindik Arazov “Şərq”ə açıqlamasında real perspektivdə bunun mümkün olmayacağını bildirib. Onun sözlərinə görə, xərçəngin peyvəndi ilə bağlı deyilənlər, sadəcə, məlumatdır. Hələ ki belə bir vaksin mövcud deyil: “Bu yaxınlarda israilli bir həkimlə eyni tədbirdə idik və o artıq İsraildə Hepatit C xəstələrinin olmadığını dedi. Baxın, bu artıq real göstəricidir. Bütün dünyanın məqsədi 2030-cu ilə qədər hepatitli xəstələrin 80 faizinə düzgün diaqnoz  qoyub, yarısından çoxunu müalicə etməkdir. İsraildə isə artıq Hepatit C daşıyıcı olan bir xəstə belə qalmayıb. Xərçəngin müalicəsi isə hələ ki laborator sınaq mərhələsində olduğu üçün "xərçəngin peyvəndi tapılıb" demək üçün çox tezdir. Vaksin hər 3 kliniki mərhələdən keçməlidir. Üstəlik, son 20 ildə xərçəngin peyvəndi ilə bağlı məlumatlar eşidirik. Odur ki, bir həkim olaraq  xərçəngin peyvəndinin tapılacağına inanmıram. Peyvənd hansı orqanın xərçənginə təsir edəcək, bunun özü belə açıq sualdır. İnsanlar hansı xərçəngə görə vaksin olunacaq?!  Süd vəzi, prostat, yoğun bağırsağın, yoxsa ağciyərin ... Xərçəngdən qorunmaq üçün bir insana 10 peyvənd vurulacaq? Düzdür, müasir elmdə hər şey mümkündür, amma mənim şəxsi qənaətimə görə, bir vaksin bütün orqanların xərçənginə təsir edə bilməz. Hər xəstəliyin fərqli səbəbi, fərqli müalicə üsulu var. Biz həkimlər illərdir insanları xərçəngdən qorumaq üçün öz tövsiyələrimizi edirik.  Əvvəla, onu deyim ki, indiki dövrdə xərçəng diaqnozu hökm deyil. Xərçəng sağala bilən xəstəlikdir və terapiyası, müalicə metodları kifayət qədər inkişaf edib. İllərlə yaşayan xərçəng xəstələrinin sayı isə “n” qədərdir”. 
  S.Arazov hazırda ölkəmizdə müalicəsi çətin və ya mümkün olmayan xərçəng xəstələyinin olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda xərçənglə mübarizədə yüksək standartlara cavab verən tibbi avadanlıqlar və peşəkar həkimlərin sayı kifayət qədərdir. Avropa, Türkiyə təhsilli ixtisaslı mütəxəssislərimiz də çoxdur: “Dünya statistikasına görə, süd vəzi, ağciyər, yoğun bağırsaq və prostat xərçəngi daha geniş yayılıb və müalicəsi də realdır. Sadəcə bizdə xərçəngin ilkin diaqnozu yubanır. Pasiyentlər tövsiyə etdiyimiz müayinələrə dırnaqarası baxır. Bizim isə məcburetmə səlahiyyətimiz yoxdur. 40-45 yaş arası insanlar, heç olmasa, bircə dəfə də olsa, kolonoskopiya (yoğun bağırsaq) müayinəsindən keçsinlər. Hər pasiyentə deyirik ki, vaxtında kolonoskopiya etdirməklə özünüzü bir sıra xəstəliklərin ağırlaşmalarından sığortalaya bilərsiniz. Ən azı bir neçə il sonra həmin adamda bağırsaq xərçəngi aşkarlandıqda xəstəliyin təzə və ya köhnə olduğunu müəyyən etmək olur. Çox təəssüf ki, biz heç bir xəstəni profilaktik olaraq bu cür müayinələrə yönləndirə bilmirik. İnsanlar sağlamlığı naminə dövlət müəssisələrində sığorta növbəsinə durmağı özünə iş bilir.  Bəlkə də müraciət etsə, 3 gündən sonra növbəsi çatacaq? Bəziləri isə sadəcə olaraq bu xəstəliklərə etinasız yanaşırlar. "Əslimdə-nəslimdə belə bir xəstəlik yoxdu" deyib özlərini sığortalayırlar. Halbuki belə bir zəmanət yoxdur.  
  "Azərbaycanda xərçəng xəstəliyinə tutulanların əksəriyyəti ölür" iddiası ilə razılaşmadığını vurğulayan həkim belə bir statistikanın olmadığını deyib. Onun sözlərinə görə, ilkin diaqnoz qoyulan xərçəng xəstələri və onların yaxınları problemi ətrafındakı insanlardan gizlədir: “Əksəriyyət heç həmin adamların əməliyyat olunduğunu və kimya terapiya aldığını bilmir. Biz ancaq tanıdığımız biri ölümcül vəziyyətə düşəndə onun xərçəng xəstəsi olduğunu eşidirik. Yəni uzun müddət narahatlığı və ağrıları olan insan həkimə müraciət etmir, etsə belə, yüngül müalicələrlə ağrısını sakitləşdirir. Həkimin tövsiyə etdiyi heç bir endoskopik prosedurlardan keçmir və artıq xəstəlik metastas verəndə günü-gündən arıqlayır və ağrılar dözülməz hala çatanda müayinələrdən keçir. O zaman da artıq həkim müəyyən edir ki, bədxassəli törəmə artıq bütün orqanlara yayılıb. Həmin adam da 2 ay sonra rəhmətə gedəndə "uzun müddətdi xərçəng idi, sağala bilmədi" kimi söz-söhbətlər yayılır. Mənsə, bir həkim olaraq xərçəngdən sağalan və əmək fəaliyyəti ilə məşğul olan insanların çox olduğunu bilirəm”.