Azərbaycançılıq məfkurəsi Heydər Əliyevin əsəridir

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında çox böyük tarixi xidmətləri var

Azərbaycançılıq ideyasının təbliği


  Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır. Azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Beləliklə, azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
  Azərbaycançılığın - bütün dünya azərbaycanlılarını birləşdirən bir məfkurə, bir siyasi ideologiya kimi Azərbaycan dövlətinin əsas idea və idarəçilik prinsipinə çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etməklə bu məfkurəyə əsaslanan bir müasir dövlət yaratdı, bununla da yeni dövlətçilik modelinin əsasını qoydu.  Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və müqəddəs məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət idarəçilik siyasətinin prioritetinə çevrilib.

  Milli Məclisin deputatı, professor Kamilə Əliyevanın “Şərq”ə açıqlamasına görə, Heydər Əliyev böyük azərbaycançılıq məfkurəsinin əsasını qoyub.
  Azərbaycançılıq, soy-kökümüz, milli-mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hissləri həmişə Ulu Öndərin ürəyində olub: "Heydər Əliyev bütün həyatını öz xalqının rifahına, azad yaşamasına həsr edib. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edilənə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün sahələrdə axırıncı yerlərdə idi. 1970-1980-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin apardığı iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan bütün iqtisadi göstəricilərə və insanların yaşayış səviyyəsinə görə ön sıralara qalxdı. O zamandan Heydər Əliyev Azərbaycan xalqının böyük sevgisini və rəğbətini qazanıb. 
  Onu da qeyd etmək lazımdır ki, ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək olub. 
  Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ rəhbərliyi respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi. 
  Ulu Öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. "Azərbaycan SSR-nin dövlət dili - Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu Öndər Heydər Əliyev dilçi-alimlərimizə böyük qayğı göstərir, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi”.
  Millət vəkilinin sözlərinə görə, rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Ulu Öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümunə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub: “Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi Ulu Öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi.
90-cı illərin əvvəllərində Azərbaycan xalqının ağır günlərində Ulu Öndər Heydər Əliyev yenidən öz xalqının xilaskarına çevrilib.
Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, Azərbaycan xalqını məhv olmaqdan qorumaq üçün xalqımıza Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bəxş edib. Ulu Öndər  Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qalıb. Bu müqəddəs yolda Heydər Əliyev çox əziyyət çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu Öndər Heydər Əliyev öz xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini gözəl bilirdi və hər zaman bu kökdən gələn mirası qoruyub saxlayıb. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir.
  Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanıb. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev də qəlbimizdə, ürəyimizdə yaşayacaq”.