Mentalitet dəyişməyib:Getdikcə qadınların sayı azalır

Durum Azərbaycanda gələcəkdə demoqrafik partlayışa gətirib çıxaracaq

“Bu, çox ciddi şəkildə əhalinin sayının azalmasına, eyni cinslilərin evlənməsinə və yaxud əcnəbilərlə evliliklərin artmasına gətirib çıxara, genetik koda təsir edə bilər


  BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.

  Azərbaycan ailələrində qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o qədər dəyişməyib. Oğlanlara nəslin davamçısı kimi baxılır.

  Gender məsələləri üzrə ekspert Aynur Veysəlovanın sözlərinə görə, Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir. Belə ki, son illərdə 100 qıza 105-107 oğlan düşürdüsə, indi bu nisbət də pozulub.
  Qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsinin 141-ci maddəsinə görə, qanunsuz abortetmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.
  Maraqlıdır, selektiv abortlara görə cəza tədbirləri varsa, qızların sayı niyə azalır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, selektiv abortların bu saya çatması bir yox, bir neçə problemin cəmlənmiş formasıdır: 

“İnkişaf etmiş ölkələrdə abortların sayı aşağıdır, çünki cəmiyyətdə qadınlara fərq qoyulmur. Həmin ölkələrdə valideyn düşünmür ki, qız uşağı ərə gedib əziləcək, cəmiyyətdə zəif biri kimi qiymətləndiriləcək. Əsas problemlərdən biri də erkən nikahlardı. Erkən nikahların sayını azaltmaq üçün tədbirlər aparılmalıdır. Selektiv abortlar birbaşa erkən nikahlara da bağlıdır. Qız uşaqlarını ali təhsildən yayındırıb, evliliyə cəlb etməməliyik. Dövlət tərəfindən də müəyyən dəstək olsa, bu sayların azalması üçün bir şey əldə etmiş olarıq.
  Onu deyim ki, cinsi qız olduğuna görə dölün ana bətnindən kənarlaşdırılması halları artıq azalmağa başlayıb və rəqəmlər də bunu göstərir. Çünki Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər həyata keçirir, nəzarət edir. Hətta azyaşlı hamilə olanda qəyyumu olmadan onlara baxılması, abort edilməsi məsələsinə də ciddi nəzarət olunur. Əlbəttə ki, yol və digər qəzalarda daha çox kişilər dünyasını dəyişir. Həmçinin müharibədə şəhid olurlar. Bütün bunlar rəqəmlərə təsir edir. Bütün dünyada da tendensiya budur ki, kişilər daha çox dünyaya gəlir. Bu isə selektiv abortların nəticəsində olur. Məlum olduğu kimi, təkcə Azərbaycanda deyil, bir çox, xüsusən də Şərq ölkələrində oğlan uşaqları daha çox sevilir. Hər halda ölkəmizdə kişilər və qadınların sayının təqribən eyni rəqəmlərə gəlib çıxması yaxşı haldır”.
  M.Zeynalovanın sözlərinə görə, getdikcə qadınların sayının azalması gələcəkdə demoqrafik partlayış və digər neqativ hallara gətirib çıxara bilər: “Bu, çox ciddi şəkildə əhalinin sayının azalmasına, eyni cinslilərin evlənməsinə və yaxud əcnəbilərlə evliliklərin artmasına gətirib çıxara, genetik koda təsir edə bilər. Yəni bu məsələ bir çox sahələrə, hətta mədəniyyətə də təsir edə bilir”.
  Psixoloq Gülnarə Əliyeva isə problemin həlli yolunu maariflənmədə görür. Onun sözlərinə görə, belə halların qarşısını qadağalarla almaq olmaz. Çünki insan bir şeyə qərar veribsə, onu gizlində və ya aşkarda edəcək: "Yuxarı sinif şagirdlərindən başlayaraq, ali təhsil ocaqlarında da bu yöndə maarifləndirmə aparılmalıdır. Təəssüf ki, maariflənmə çox vaxt qadınlar, qızlar arasında aparılır. Bunu heç doğru hesab etmirəm. Nəzərə alsaq ki, abortları çox zaman kişilər xanımlara məcbur etdirir, deməli, maariflənmə hər iki tərəflə aparılmalıdır. 

Bundan başqa, yeni ailə qurmuş gənclərə qadın məsləhətxanalarında planlı hamiləlik, hamiləlikdən qorunmağın yolları haqqında müəyyən informasiyalar verilməlidir”.