Qiymətlər bahadır: Bazarlara dana əti adı ilə camış əti çıxarılır

“Azərbaycanda ət kəsimi ilə bağlı böyük problemlər var. Bazar iqtisadiyyatı olduğuna görə bu sahə ilə məşğul olan 
“işbazlar”a qarşı mübarizə aparmaq da mümkün deyil”


  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi məlum olmayan 29 kq ət aşkarlanıb. Nəzarət tədbirləri çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən aparılmış reyd zamanı Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib. Yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb. Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib.   Sınaqların aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyularaq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.

  Qida texnoloqu Ağa Salamov isə  “Şərq”ə açıqlamasında  Azərbaycanda keyfiyyətsiz ət probleminin uzun illərdir aktual olduğunu deyib. Onun sözlərinə görə, ölkə ərazisində kifayət qədər keyfiyyətsiz ət istehlak olunur. Əvvəla, camış ətinin dana əti adı altında satışa çıxarılmasına münasibət bildirən ekspert  deyib ki, camış əti insan orqanizmi üçün zərərli qida hesab olunmur: 

“Düzdür, qırmızı ət məhsulları arasında ən keyfiyyətlisi quzu ətidir. Dana əti isə dietik baxımdan daha faydalıdır. Bu səbəbdən şəkərli diabet və xolesterindən əziyyət çəkən  insanlara mal əti yeməyi məsləhət görürlər. Amma camış əti də faydalarında görə quzu və ya dana ətindən  geri qalmır. Mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Hətta yağ toxumalarına daha az rast gəlindiyi üçün camış əti dana ətindən daha dietikdir. Rəngi digər ət məhsullarına nisbətən daha tünddür və gec bişir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir.  

Hətta daha ucuza başa gəldiyi üçün restoranlarda qiyməli ətdən bişən yeməklərin əksəriyyətində camış ətindən istifadə olunur. Sadəcə  bərk olduğu üçün tikə ət  yeməklərində istifadə geniş yayılmayıb. Burada əsas  problem camış ətinin satılması yox, onun dana əti adı ilə satışa çıxarılıb istehlakçıların aldadılmasıdır: “İnsanlar camış ətinə bir o qədər maraq göstərmədiyi üçün onu dana əti adı ilə satmağa çalışırlar.  Çünki bizim ölkəmizdə camışın əti yox, ağartı məhsulları daha çox sevilir. Hətta deyərdim ki, camış qatığının və qaymağının qida dəyəri  inək südündən hazırlanan ağartı məhsullarından daha  yüksəkdir, həm də dadlıdır”. 

  Normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanan ət məhsullarına gəldikdə isə A.Salamov deyib ki, həmin ət məhsulları kəsim və daşınma zamanı  mikrobioloji çirklənməyə məruz qaldığı üçün istifadəyə yararsız hesab olunur: 

“Yaxud da saxlanma şəraiti standartlara uyğun olmadığı üçün qoxu yaranır. Antisanitar şəraitdə kəsilən ət  məhsulları mikrobioloji çirklənməyə məruz qaldığı təqdirdə xüsusən immun sistemi zəif olan insanların orqanizmində birbaşa fəsadlar yaradır və zəhərlənmələr qaçılmaz olur. Ət məhsullarının saatlarla açıq havada qalaraq mikrobioloji təsirlərə məruz qaldığını vurğulayan mütəxəssis deyir ki, 10 saatlarla açıq qalan ət qəssabların dediyi kimi, özünü tutmur, əksinə, əti dincəltmək, ölüm sərtliyindən çıxartmaq üçün soyuducuya qoymaq lazımdır. Qəssabların isə soyuducuları həmişə boş olur. Əsasən isti havalarda mikrobioloji çirklənmə daha çox olur, ət məhsulu yararsız hala düşür və zəhərlənmə baş verir.

  Ümumiyyətlə,  Azərbaycanda ət kəsimi ilə bağlı böyük problemlər var. Bazar iqtisadiyyatı olduğuna görə bu sahə ilə məşğul olan “işbazlar”a qarşı mübarizə aparmaq  da mümkün deyil. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanunvericilikdə xüsusi maddələr olmalıdır. 

Bu  işlə məşğul olan insanların sahibkarlıq hüququ əlindən alınmalı və ciddi cəzalar tətbiq olunmalıdır. Qanunlar sərtləşmədiyi müddətdə AQTA-nın keçirdiyi yoxlamalar və cərimələr heç bir fayda verməyəcək”.