Biabırçılıqdır: "Azercell" neçə ildir, “Torqovı”da ilişib qalıb”

 "Azercell" bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də  5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  deyib. Onun sözlərinə görə, ölkənin ən öndə gedən mobil operatoru "5G-nin sınaqdan keçirilməsi haqqında" məlumatı  qürurla beynəlxalq konfrans iştirakçıları ilə bölüşür və  bununla bağlı açıqlama yayır: 

“Sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur. Hansı ki,  konfrans zalında onlarla yanaşı əyləşən  regionun bütün ölkələri "Azercell"in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar.

 "Azercell" isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün  “Torqovı”ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də “Torqovı”da ilişib qalıb. Sadəcə biabırçılıqdır.

  Yaxşı olardı ki, "Azercell" aidiyyəti qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər  5G tezliyinin üstündə "oturanlarla" problemi həll edəydi. 

  Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir. Gərək xeyli öncədən, "Azercell" və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə "oturanlarla" dil tapıb, hökumətə bununla bağlı təkliflər verəydi. Belə görünür ki, "Azercell" və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli, yalvar-yaxar etməli  və operatorlara bu tezliyi hədiyyə etməlidir. Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı”.

  5 G sahəsində Azərbaycanda vəziyyətin digər qonşu ölkələrdən xeyli geri qaldığını vurğulayan  O.Gündüz deyib ki, uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb: “DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da, hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun  illər işlər aparılmayıb.

  Hökumət bu tezliklərin 5G üçün geri alınması, kompensasiya qaydaları qəbul etsə də, hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur”.