4SİM-dən gözləntilər

Bütün ölkə üzrə innovasiyaları və rəqəmsal transformasiyanı sürətləndirə biləcək addımlara üstünlük verilməlidir

  Ölkəmizdə Dördüncü  Sənaye İnqilabı, rəqəmsal transformasiya prosesləri, süni intellekt və əşyaların interneti  "AzerGold"dan başlanacaq .
  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) açıqlayıb ki, AzerGold-da rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, qiymətləndirmə aparacaq və gələcək inkişaf üçün yol xəritəsi hazırlayacaqlar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, 2-3 il əvvəl ozamankı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya Agentliyi də ölkə üzrə innovativ durumu qiymətləndirmək üçün "AzerGold"dan başlamışdı, qurum ilk dəfə olaraq  innovasiya auditini burada tətbiq etmişdi: “Nəticəsi də sektorda hamıya məlumdu. Əlbəttə, şübhəsiz ki, dünyada rəqəmsal transformasiyanın qiymətləndirilməsi üzrə uğurlu model olan  Ağıllı Sənaye Hazırlığı İndeksi (SİRİ) əsasında yuxarıda qeyd edilən qiymətləndirmənin xeyli faydası olacaq. Ancaq doğrudanmı  rəqəmsal transformasiya ilə bağlı, innovasiyaların inkişafı ilə bağlı 4SİM və digər aidiyyəti qurumların  ilk nöbvədə atacağı addımlar bunlar olmalıdır,  məhdud resurslar bu tip lokal xarakterli tədbirlərə yönəldilməlidir!?
  Bəlkə, 4SİM və digər əlaqədar qurumlar daha konseptual həllər, tövsiyələr təklif etməlidir, bütün ölkə üzrə innovasiyaları və rəqəmsal transformasiyanı sürətləndirə biləcək addımlara üstünlük verməlidir”.
  O.Gündüzün fikrincə, əsas fəaliyyət istiqamətləri süni intellekt, əşyaların interneti və maşın öyrənməsi olan 4SİM-dən gözləntilərin ən əsası Süni intellektin inkişafı ilə bağlı özlərinin də açıqladığı Strategiya layihəsinin təqdim edilməsi ola bilərdi:  “Bu cür əhəmiyyətli bir sənədlə bağlı mesaj əvəzinə biz hansısa lokal xarakterli addımlar müşahidə edirik. Düşünürəm ki, ölkədə rəqəmsal transformasiya, innovasiya ilə bağlı məsələlərdə pərakəndəlik, prioritetlərin müəyyən edilməməsi, konseptual baxışların olmaması öz sözünü deyir. Ümumiyyətlə, rəqəmsallaşma sahəsində ölkədə konseptual baxışlar, prioritetlər müəyyən edilibmi? 5 il öncə qəbul edilməli olan İnnovasiya Strategiyası nə üçün ortaya çıxarılmadı və sonradan tam unuduldu. Maraqlıdır, hazırlandığıı haqqında bir neçə dəfə açıqlama verilən  Rəqəmsal transformasiya strategiyasınımı da həmin tale gözləyir!?”.