Sevindirici haldır

Sərnişinlərin dəmir yolu nəqliyyatından istifadəsi ildən-ilə artır

  Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4 faiz, sərnişin daşınmasında isə 54,8 faiz artım müşahidə olunub.

  Orta hesabla sutkada 437 vaqon yüklənib, 417 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3,0 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
  Ümumilikdə 2023-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

  Statistikanı dəyərləndirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, dəmir yolu sərnişindaşımaları isə avtomobil nəqliyyatına nisbətən həm də daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir. Qeyd olunan səbəblərə görə bu sektorun inkişafına xüsusi əhəmiyyət verilir. Sevindirici haldır ki, ölkəmizdə də sərnişinlərin dəmir yolu nəqliyyatından istifadəsi ildən-ilə artır: “Bir çox ölkələrdə dəmir yolu ilə sərnişindaşımalar sosial xarakterli məsələdir və dövlət tərəfindən subsidiyalaşdırılır. Yaxud da daşıyıcı bu sektordan itkilərini yükdaşamılar hesabına kompensasiya edir. Azərbaycan da bu mənada istisna deyil. 

Dəmir yolunda sərnişindaşımadan əldə olunan gəlirlərin ADY-nin cəmi gəlirlərdəki payı 5 faizdən azdır. Lakin bu, o anlama gəlməməlidir ki, bu sahədə artım üçün hər hansı perspektivlər yoxdur. Bu gün Azərbaycanda şəhərətrafı sərnişindaşıma əmək bazarının inkişafına təkan verərək əhalinin gündəlik əmək hərəkətliliyini təmin edir və milli iqtisadiyyata müsbət multiplikativ təsir göstərir. Çünki milli iqtisadiyyatın inkişafı üçün əmək qabiliyyətli əhalinin mobilliyi vacibdir və dəmir yolu bunu təmin edəcək potensiala malikdir. Lakin bu zaman həm də sərnişindaşımanın effektiv biznes modelinin yaradılması dəmir yolları üçün əsas prioritetlərdən olmalıdır".

  Ekspertin sözlərinə görə, dəmir yolunda sərnişindaşımanın rentabelliyini artırmağın istiqamətlərindən biri xidmət səviyyəsini yüksəltmək yolu ilə sərnişindaşımanın həcminin artırılmasıdır. Bunun üçün bir sıra faktorların mövcudluğu labüddür.