Azərbaycandan sürətli qatar keçəcək: Ərdoğanın projesi mütləq reallaşacaq


Azərbaycandan keçəcək sürətli qatar layihəsi həm iqtisadi, həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malikdir


  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sürətli dəmiryol xəttinin Bakıya kimi uzanacağını deyib. Ərdoğan bildirib ki, yüksək sürətli dəmiryol xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzanacaq və Bakı-Tbilisi xəttinə birləşəcək: "Bu xətlə dünya miqyasında strateji “nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunları CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”. 
  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə bildirib ki, ölkəmizin coğrafi mövqeyi, Avropa ilə Şərqi Asiya arasında ən əlverişli kommunikasiyaların keçirilməsi imkanları bizim ölkənin üstünlükləridir. Partiya təmsilçisi deyib ki, coğrafiyanın verdiyi imkanlar əlbəttə ki, yetərli deyil və bu imkanların reallığa çevrilməsi üçün bir çox digər faktorlarla, o cümlədən düzgün siyasi qərarların verilməsi ilə uzlaşması vacibdir: "Bu mənada Ərdoğanın rəhbərliyində Türkiyənin son illərdə həyata keçirdiyi regional siyasət çox mühüm əhəmiyyətə malikdir. Ərdoğan Azərbaycandan keçəcək sürətli qatar projesindən danışırsa, heç şübhə yoxdur ki, bu, mütləq reallaşacaq. Çünki indiyədək həm Türkiyədə, həm də bölgədə onun rəhbərliyi ilə çox böyük layihələr həyata keçirilib. Layihənin önəminə gəldikdə isə şübhəsiz ki, bu həm iqtisadi, həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malikdir. Xüsusilə, bu proyekt bölgədə uzun müddət siyasi hegemonluq edən və buradakı xalqları əsarətində saxlayan Rusiyanın təsirinin zəifləməsinə gətirib çıxaracaq. Londondan Pekinə və əksinə gedən yolların ərazimizdən keçməsi həm də bu regionun təhlükəsizliyinin mühüm qarantlarından biri olacaq".